AZ

Asiya "beşliyində" Azərbaycanın yeni statusuna maraqlı beynəlxalq reaksiyalar var...


Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi, siyasi, iqtisadi və mədəni inteqrasiyanın dərinləşdirilməsi olub.

Türk dünyasının vahid məkan kimi inkişaf etdirilməsi ideyası həm tarixi bağlardan, həm də geosiyasi reallıqlardan qaynaqlanır. Bu baxımdan son illərdə Azərbaycan–Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın genişlənməsi, türk dünyasının ortaq maraqlarının müdafiəsində Bakının aktiv diplomatik xətt yürütməsi strateji həmrəyliyin gücləndirilməsinin ən bariz nümunələrindəndir. Türkiyəli siyasi ekspert Əli Fuad Gökçə bu fonda qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə iştirakı olduqca mühüm strateji əhəmiyyət kəsb edir: “Azərbaycanın bu formata qoşulması bölgədə bütün türk dövlətlərinin daha koordinasiyalı və məqsədyönlü şəkildə hərəkət etməsinə töhfə verə biləcək əhəmiyyətli bir addımdır”.

O bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində regionlaşma, yeni ittifaqların formalaşması və əməkdaşlıq platformalarının genişlənməsi getdikcə aktuallaşır. “Bu kontekstdə türk dövlətlərinin həm siyasi, həm iqtisadi sahədə birgə fəaliyyət göstərməsi xüsusi önəm daşıyır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qatılması isə bu əməkdaşlığın dərinləşməsinə güclü təkan verən addım kimi qiymətləndirilməlidir”. O qeyd edib ki, Azərbaycan həm demoqrafik göstəriciləri, həm iqtisadi potensialı, həm də siyasi mövqeyi və geostrateji yerləşməsi baxımından region üçün son dərəcə önəmli aktordur. Məhz bu amillərə görə ölkənin digər türk respublikaları ilə qərar qəbuletmə mexanizmlərində iştirakı ortaq mövqelərin formalaşmasına və strateji koordinasiyanın güclənməsinə xidmət edir. Ekspert əlavə edib ki, bu proses bütövlükdə türk dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi, qarşılıqlı fəaliyyətin genişlənməsi və gələcək inteqrasiya imkanlarının dərinləşməsi baxımından xüsusi önəm kəsb edir: “Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi bu toplantı türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən vacib siyasi hadisədir”. Qazaxıstan prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun Asiya Araşdırmaları şöbəsinin müdiri Aydar Kurmaşev isə bildirir ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı qismində qoşulması region üçün həqiqətən strateji addımdır. Bu qərar həm siyasi dinamikada yeni mərhələnin başlanmasını, həm də türk coğrafiyasının daha sıx inteqrasiyasını təmin edir. Onun sözlərinə görə, əvvəllər əməkdaşlıq modeli “5+1” formatı üzərində qurulurdusa, bu gün artıq altı dövlətin ümumi regional gündəliyi formalaşdırdığı vahid platforma yaranır. Bu isə siyasi dialoqun genişlənməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha dayanıqlı koordinasiya mexanizmlərinin formalaşması deməkdir: “Azərbaycanın tamhüquqlu iştirakı Türk Dövlətləri Təşkilatının potensialını əhəmiyyətli dərəcədə artırır. Dövlət başçıları səviyyəsində müzakirə olunan məsələlərin TDT-nin strateji çərçivəsinə inteqrasiyası asanlaşır. Bununla yanaşı, əsas istiqamətlər üzrə mövqelərin daha sıx uzlaşdırılması mümkün olur. Azərbaycan öz coğrafi mövqeyi, xüsusən də Mərkəzi Asiyanı Türkiyə ilə birləşdirən mühüm tranzit rolu sayəsində iki region arasında təbii körpü funksiyasını yerinə yetirir”.

A.Kurmaşev qeyd edib ki, Azərbaycanın Orta Dəhlizin inkişafında mühüm rol oynaması, Mərkəzi Asiya ilə Türkiyə arasında unikal coğrafi mövqeyə malik olması ölkəni iki region arasında infrastruktur və iqtisadi marşrutları birləşdirən əsas əlaqələndirici həlqəyə çevirir. Bu isə regional bağlantının möhkəmlənməsinə və TDT çərçivəsində irimiqyaslı təşəbbüslərin daha səmərəli həyata keçirilməsinə şərait yaradır: “Bu proses Türkiyənin son illərdə sistemli şəkildə irəli sürdüyü türk inteqrasiyası xətti ilə də tam uyğundur. “Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması türk dünyasında daha sıx, koordinasiyalı və məqsədyönlü əməkdaşlıq mühitini gücləndirir”. Ekspert əlavə edib ki, Azərbaycanın iştirakı Mərkəzi Asiya ölkələri üçün də mühüm üstünlüklər yaradır: “Bu addım regionu Cənubi Qafqaz və Avropa bazarları ilə birbaşa əlaqələndirir, xarici siyasət və tranzit istiqamətlərinin şaxələndirilməsini gücləndirir, beynəlxalq platformalarda ümumi regional mövqenin təsirini artırır. Qlobal qeyri-müəyyənlik şəraitində belə koordinasiya regionun dayanıqlığını artırır”. Aydar Kurmaşevin fikrincə, Azərbaycanın qoşulması ilə formalaşan yeni altıtərəfli model əməkdaşlığın daha sistemli, institusional və uzunmüddətli strateji maraqlara əsaslanan xarakter almasına imkan yaradır. Burada bir daha xatırladaq ki, Azərbaycanın strateji həmrəyliyi gücləndirmək istiqamətində ən əhəmiyyətli platformalardan biri Türk Dövlətləri Təşkilatıdır. Azərbaycan bu təşkilatın formalaşmasında və institusional inkişafında xüsusi aktivlik göstərmişdir. TDT-nin məqsədləri sırasında siyasi əlaqələrin inkişafı, ticarət və investisiya axınının genişləndirilməsi, nəqliyyat-logistika şəbəkələrinin birləşdirilməsi, enerji əməkdaşlığının gücləndirilməsi və humanitar sahələrin dəstəklənməsi dayanır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən müxtəlif TDT layihələri türkdilli ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə səbəb olur. Azərbaycanın Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla münasibətlərinin son illərdə daha intensiv olması gələcəkdə vahid türk iqtisadi məkanının formalaşa biləcəyini göstərir. Azərbaycanın türk dövlətləri arasında strateji həmrəyliyi gücləndirmək istiqamətində gördüyü işlər həm tarixi bağlara, həm geosiyasi reallıqlara, həm də iqtisadi maraqlara söykənir. Bu siyasət sayəsində türk dünyası qlobal arenada daha təsirli, daha koordinasiyalı və daha güclü siyasi birlik şəklində formalaşır. Azərbaycanın aktiv diplomatiyası, iqtisadi imkanları, enerji və nəqliyyat infrastrukturu türk dövlətləri arasında inteqrasiyanın aparıcı hərəkətverici qüvvəsinə çevrilib.

Ramil QULİYEV

Seçilən
15
2
baki-xeber.com

10Mənbələr