AZ

Azərbaycana qədər kimsə Mərkəzi Asiyanın iqtisadi-geostrateji xəritəsini dəyişə bilməmişdi...


Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı qismində qoşulması yalnız simvolik bir genişlənmə deyil; bu, regionun siyasi-geoiqtisadi xəritəsində qalıcı dəyişikliklərə gətirib çıxara bilər. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 7-ci görüşdə bu qərarın qəbul edilməsi münsiflərarası regional inteqrasiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bu fikirlər “Evronyus” kanalında yer alıb.

Kanal daha sonra bildirir: “Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri bildiriblər ki, bu qərar rəsmi olaraq Cənubi Qafqazı Mərkəzi Asiya əməkdaşlıq çərçivəsinə gətirir, Xəzərdən dünya bazarlarına uzanan daha geniş əlaqə məkanı yaradır. Rəsmilərin fikrincə, Azərbaycanın iştirakı bu formata yeni impuls verəcək, ticarət, investisiya, mədəni əlaqələri genişləndirəcək və iki strateji əhəmiyyətli regionda əlaqələndirilmiş inkişaf edəcək. Daşkənd görüşündə əsas diqqət regional əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinə yönəldilib... Azərbaycan prezidenti İlham Əliyev münasibətlərin strateji tərəfdaşlığa çevrildiyini, fəal siyasi dialoq və artan iqtisadi, mədəni-humanitar əməkdaşlıqla möhkəmləndiyini bildirib. Əliyev iri infrastruktur layihələri, Orta Dəhliz vasitəsilə tranzitin sürətli artımı və Rəqəmsal İpək Yolu və Xəzər enerji əlaqələri kimi yeni təşəbbüsləri misal gətirərək Azərbaycanın regional əlaqədə genişlənən rolunu qeyd edib... Sammit liderlərin birgə prioritetləri əks etdirən birgə bəyanat, Azərbaycanın üzvlüyünün təsdiqi, Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyinin dəstəklənməsi, Mərkəzi Asiyada Regional Təhlükəsizlik, Sabitlik və Davamlı İnkişaf Konsepsiyasının təsdiqi kimi sənədlərin imzalanması ilə yekunlaşıb”. Bunlar fonunda Özbəkistan prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilovun açıqlamalrı da xüsusi diqqət cəlb edir. Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı qismində qoşulması regionun xəritəsini dəyişir: “Mərkəzi Asiya dövlətləri ikitərəfli məsələlərdən yeni gündəmə keçiblər. Yeni gündəm regionun inteqrasiyasıdır. Siyasi, iqtisadi, humanitar və digər sahələr. İkincisi isə bizim üçün çox mühüm hadisə baş verdi: Azərbaycan rəsmi olaraq bizim sammitimizə, formatımıza qoşuldu. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur”. A.Kamilov qeyd edib ki, əgər gələcəkdə bu qarşılıqlı əlaqəni möhkəmləndirmək və inkişaf etdirmək olarsa, bu, həm Mərkəzi Asiya regionu, həm də Cənubi Qafqaz üçün sabitliyin, sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək. Onun sözlərinə görə, sammitdə səsləndirilən təkliflər məzmunca çox yaxın olub: “Diqqət yetirsək, bütün rəhbərlər, bütün prezidentlər məzmunca yaxın təkliflər irəli sürdülər. Onlar gündəlikdə oxşar məsələlər qaldırdılar. Bu o deməkdir ki, Mərkəzi Asiya dövlətləri birləşməyə, bir qüvvəyə çevrilməyə və beynəlxalq arenada vahid regional səslə çıxış etməyə can atırlar”.

O da faktdırki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin yaxınlaşmasının kökündə çoxəsrlik tarixi, mədəni və mənəvi bağlar dayanır. Bu bağlar etnik və mədəni oxşarlığı, ortaq türk kimliyini və ortaq inkişaf fəlsəfəsini əhatə edir. Son illərdə bu mənəvi yaxınlıq siyasi platformaya çevrilərək Azərbaycan–Mərkəzi Asiya birliyinin formalaşmasını sürətləndirib. Artıq ölkəmiz bu regionun əsas qərarvermə masasında oturur, Avrasiyanın həm Şərq–Qərb, həm Şimal–Cənub istiqamətlərini birləşdirən körpü rolunu oynayır. Bu birlik Azərbaycanı regional oyunçudan daha böyük Avrasiya miqyasında real güc mərkəzinə çevirir. Bu proses Azərbaycanın Cənubi Qafqazdakı strategiyası ilə ziddiyyət təşkil etmir. Əksinə, Azərbaycan paralel şəkildə iki regionda, həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada lider mövqeyi tutur və bu mövqelər bir-birini tamamlayır. Belə hal Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasət yürütmək imkanlarını genişləndirir. Ümumiyətlə, Azərbaycan və Mərkəzi Asiya təkcə regional blok deyil. Bu, yeni siyasi düşüncə modelidir, dünyadakı parçalanmalar və ziddiyyətlər fonunda suveren və müstəqil yanaşmanın parlaq nümunəsidir. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Azərbaycan – bu altı dövlət bərabərhüquqlu əməkdaşlıq yolu tutaraq kənar təsirlərə qarşı müstəqil davranırlar. İqtisadi baxımdan, bu inteqrasiya Azərbaycanın tranzit potensialının daha da artmasına səbəb olacaq. Şimal-Cənub, Qərb-Şərq marşrutlarının bir hissəsi kimi, Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən strateji mərkəz rolunu gücləndirə bilər.Güvənliyin möhkəmləndirilməsi məsələsi də vacibdir. Regionda təhlükəsizlik, su resurslarının idarəsi, tranzit marşrutlarının təhlükəsizliyi kimi suallar Mərkəzi Asiya məsləhətləşmələrində əsas məqamlardır. Azərbaycanın bu platformada tamhüquqlu iştirakçısı olaraq bu məsələlərə daha aktiv töhfə verə, həmçinin öz maraqlarını daha effektiv şəkildə müdafiə edə bilər. Strateji nöqteyi-nəzərdən, Azərbaycanın qoşulması Mərkəzi Asiya ölkələrinin geoiqtisadi xəritəsini yenidən tərtib edir. Regionun təkcə Mərkəzi Asiyadan ibarət olmadığı, eyni zamanda Cənubi Qafqazın da bu koalisiyada rolu olduğunu göstərir. Bu, böyük Avrasiya məkanında qarşılıqlı əlaqələrin dərinləşməsi, yeni nəqliyyat dəhlizlərinin açılması və investisiya axınlarının artması kimi perspektivləri gündəmə gətirir. Son olaraq, bu qərar Mərkəzi Asiya ölkələrinin qlobal arenada səsini artırmaq potensialına malikdir. Azərbaycanla birgə fəaliyyət, onların diplomatik çəkisini gücləndirə, beynəlxalq platformalarda ortaq mövqelərin formalaşmasına imkan verə bilər.

Samirə SƏFƏROVA

Seçilən
95
50
baki-xeber.com

10Mənbələr