AZ

Qazaxıstanlı ekspert: Altıtərəfli yeni model regional koordinasiyanı daha dayanıqlı edir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 19 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı qismində qoşulması region üçün həqiqətən strateji addımdır. Bu qərar həm siyasi dinamikada yeni mərhələnin başlanmasını, həm də türk coğrafiyasının daha sıx inteqrasiyasını təmin edir.

Bunu AZƏRTAC-a açıqlamasında Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun Asiya Araşdırmaları şöbəsinin müdiri Aydar Kurmaşev bildirib.

Onun sözlərinə görə, əvvəllər əməkdaşlıq modeli “5+1” formatı üzərində qurulurdusa, bu gün artıq altı dövlətin ümumi regional gündəliyi formalaşdırdığı vahid platforma yaranır. Bu isə siyasi dialoqun genişlənməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha dayanıqlı koordinasiya mexanizmlərinin formalaşması deməkdir.

“Azərbaycanın tamhüquqlu iştirakı Türk Dövlətləri Təşkilatının (TDT) potensialını əhəmiyyətli dərəcədə artırır. Dövlət başçıları səviyyəsində müzakirə olunan məsələlərin TDT-nin strateji çərçivəsinə inteqrasiyası asanlaşır. Bununla yanaşı, əsas istiqamətlər üzrə mövqelərin daha sıx uzlaşdırılması mümkün olur. Azərbaycan öz coğrafi mövqeyi, xüsusən də Mərkəzi Asiyanı Türkiyə ilə birləşdirən mühüm tranzit rolu sayəsində iki region arasında təbii körpü funksiyasını yerinə yetirir”, - deyə ekspert bildirib.

A.Kurmaşev qeyd edib ki, Azərbaycanın Orta Dəhlizin inkişafında mühüm rol oynaması, Mərkəzi Asiya ilə Türkiyə arasında unikal coğrafi mövqeyə malik olması ölkəni iki region arasında infrastruktur və iqtisadi marşrutları birləşdirən əsas əlaqələndirici həlqəyə çevirir. Bu isə regional bağlantının möhkəmlənməsinə və TDT çərçivəsində irimiqyaslı təşəbbüslərin daha səmərəli həyata keçirilməsinə şərait yaradır.

“Bu proses Türkiyənin son illərdə sistemli şəkildə irəli sürdüyü türk inteqrasiyası xətti ilə də tam uyğundur. “Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması Türk dünyasında daha sıx, koordinasiyalı və məqsədyönlü əməkdaşlıq mühitini gücləndirir.”

Ekspert əlavə edib ki, Azərbaycanın iştirakı Mərkəzi Asiya ölkələri üçün də mühüm üstünlüklər yaradır: “Bu addım regionu Cənubi Qafqaz və Avropa bazarları ilə birbaşa əlaqələndirir, xarici siyasət və tranzit istiqamətlərinin şaxələndirilməsini gücləndirir, beynəlxalq platformalarda ümumi regional mövqenin təsirini artırır. Qlobal qeyri-müəyyənlik şəraitində belə koordinasiya regionun dayanıqlığını artırır”.

Aydar Kurmaşevin fikrincə, Azərbaycanın qoşulması ilə formalaşan yeni altıtərəfli model əməkdaşlığın daha sistemli, institusional və uzunmüddətli strateji maraqlara əsaslanan xarakter almasına imkan yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
2
azertag.az

10Mənbələr