AZ

Jota Silva “Beşiktaş”a gəldi, Joao Mario AEK-ə yollandı

İngiltərənin “Nottingem Forest” klubunun portuqaliyalı cinah hücumçusu Jota Silva bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

İstanbul təmsilçisi 26 yaşlı vingeri 2025/2026-cı ilin sonuna (2026-cı ilin 30 iyununadək) qədər satınalma şərti ilə icarəyə götürüb. “Qara qartallar” Jotanın bir mövsümlük icarəsi üçün “meşəçilər”ə 2,5 milyon avro ödəyəcəklər.

Jota Silva peşəkar karyerasına “Sousense”də başlayıb. Portuqal vinger “Pasuş de Ferreyra”, “Espinyo”, “Kasa Pia”, “Vitoriya Gimaraynş” kimi klublarda da forma geyinib. “Nottingem Forest” Silvanı 2024-cü ilin yayında 7 milyon avro müqabilində heyətinə qatıb. Cinah hücumçusu Premyer Liqa təmsilçisinin heyətində 38 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Jota 2024-cü ildə debüt etdiyi Portuqaliya milli komandasında da 2 oyun keçirib.

“Beşiktaş”da ayrılıq da reallaşıb. Belə ki, Portuqaliya yığmasının mərkəz yarımmüdafiəçisi Joao Mario Super Liqa nəhəngindən ayrılaraq Yunanıstanın AEK klubuna keçib. Yunanlar 32 yaşlı vingeri cari mövsümün sonunadək icarəyə götürüblər.

Joao Mario “Beşiktaş”a 2024-cü ilin yayında “Benfika”dan icarə müqaviləsi əsasında keçmişdi. Bu yay isə “qara qartallar” Portuqaliya klubuna 2 milyon avro ödəməklə 32 yaşlı futbolçunun transfer hüquqlarını da almışdılar. Marionun İstanbul klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, indiyə qədər “Beşiktaş”da 45 oyun keçirib, 10 qol və 5 assist müəllifi olub.

Joao Mario “Portu” və “Sportinq”in yetirməsidir. “Vitoriya” (Setubal), “İnter” (Milan), “Vest Hem”, “Lokomotiv” (Moskva) kimi klublarda da forma geyinmiş yarımmüdafiəçi 2021-ci ildən “Benfika”da çıxış edirdi. O, bu komandanın heyətində 149 oyuna çıxıb, 36 qol və 26 məhsuldar ötürmə müəllifi olub.

2014-cü ildə Portuqaliya yığmasında debüt etmiş Mario, 56 oyunda 3 qol vurub, 12 assistlə yadda qalıb.

error: Məzmun qorunur!
Seçilən
39
7
arena.az

10Mənbələr