AZ

“Azərbaycan və Türkmənistanı həm də milli maraqlar birləşdirir”

“Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə töhfə olmaqla bərabər, həm də tarixi köklərə söykənən milli dəyərlərini qoruyub saxlayan iki qardaş dövlətin sağlam münasibətinin ifadəsidir. Çünki bu iki ölkə daim bir-birinə beynəlxalq təşkilatlarda dəstək verib, haqlı mövqelərini müdafiə ediblər. Bu sağlam münasibətlər bu gün də inkişafının ən yüksək mərhələsindədir”. 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşündə bunları bir daha ifadə edib. “Bu əməkdaşlığın davam etdirilməsi hər iki dövlət və xalq üçün çox əhəmiyyətlidir. Nəinki Xalq Məsləhətinin sədrinin ölkəmizə səfəri, eləcə də Türkmənistan Prezidentinin Azərbaycanda olması, ölkəmizin inkişafı barədə dəyərli fikirlər söyləməsi, münasibətlərə yüksək qiymət verməsi, sözsüz ki, imzalanmış bir çox sənəddə, müqavilələrdə aydın əksini tapır. Azərbaycanla Türkmənistan arasında bir çox sahədə müqavilələr imzalanıb. Bu, yenə də davam etdirilir. Qurbanqulu Berdiməhəmmədovun Prezidentlə səmimi görüşü, bu görüşdə qarşıya qoyulan vəzifələr, eləcə də Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşü, tədbirlərdə iştirakı, şəhidlərimizi yad etməsi, Zəfər parkında olması, Qarabağa səfər etməsi, həmçinin xalqımızın bugünkü həyatı və inkişafına yüksək qiymət verməsi qürurvericidir. Qardaş dövlət kimi Türkmənistanla neft, qaz, ticarət, mədəniyyət və iqtisadi sahələrdə bağlanmış müqavilələr ölkələrimizin iqtisadi və mədəni inkişafına xidmət etməklə bərabər, həm də hər iki xalqın xoşbəxtliyinə, gələcək yüksək rifahına hesablanıb”, - deyə deputat bildirib.

T.Rzayev Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla, xarici ölkələrlə əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini vurğulayaraq qeyd edib ki, qonşu dövlətlərlə, eləcə də iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə sıx əlaqələr qurmadan, beynəlxalq münasibətləri yaxşılaşdırmadan inkişaf mümkün deyil: “Azərbaycan Prezidenti bu yolu tutmaqla həm də dünyada sülhün, əmin-amanlığın, demokratiyanın tərəfdarı kimi çıxış edir. Bu, sözdə deyil, əməli işdə də özünü göstərir. Son illər ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbir, dövlət rəhbərlərinin, böyük ictimai siyasi xadimlərin Bakıya səfərləri, keçirilən görüşlər deməyə əsas verir ki, dövlət başçısı Azərbaycanın inkişafı üçün lazım olan bütün imkanlardan istifadə edir. Türkmənistanın Xalq Məsləhətinin Sədri ilə görüşdə də bu məsələlər bir daha gündəmə gətirildi və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına və bundan sonra da inkişafına ümidlər bəslənildiyi ifadə olundu”.

Komitə sədri bildirib ki, türkmən xalqı ilə tarixən sıx əlaqələr mövcud olub və bu ölkədə çoxsaylı azərbaycanlı yaşayır: “Onlar Türkmənistanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bizi həm də milli maraqlar birləşdirir. Azərbaycan xalqının milli mənafeyinin təmin olunması ölkə rəhbərinin başlıca qayəsidir və bunun üçün beynəlxalq əlaqələr sistemində özünün möhkəm dayaqlarını yaradır. Bu da Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması üçün vacibdir. Əməli tədbirlər bu vacibliyi reallığa çevirir”.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Seçilən
101
36
azerbaijan-news.az

10Mənbələr