AZ

Yeməkdən gələn ÖLÜM: Ondan necə qorunaq?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Azərbaycanda fəaliyyət göstərən məhəllə marketlərdə və bazarlarda toyuq, kolbasa, təbii və təzə süd və süd məhsulları, yumurta kimi bir çox mallar açıq havada satılır.

Məhz satıcılar soyuducudan ümumiyyətlə istifadə etmirlər. Bunun səbəbini soruşduqda isə onlar bütün məhsulların təmiz olduğunu və indiyə qədər heç kimin şikayət etmədiyini bildirirlər.

Baxmayaraq ki, bu məhsullar birbaşa kənddən gətirilir və marketlərdəki qiymətlərlə müqayisədə daha ucuzdur. Amma kənddən gətirilən bu məhsullar gün ərzində kəskin temperatur dəyişikliklərinə məruz qalır və nəticədə “soyuq zəncir” prinsipi pozulur.

Maraqlıdır, cibimizə qənaət etmək üçün aldığımız bu məhsullar sağlamlığımıza necə təsir edir?

Mövzu barədə “Cebheinfo.az”-a danışan qida təhlükəsizliyi eksperti Fərid Səfərov bildirib ki, ictimai iaşə obyektlərində sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl olunmadan satılan məhsullar həm qısamüddətli zəhərlənmələrə, həm də uzunmüddətli xroniki və onkoloji xəstəliklərə səbəb ola bilər.

Onun sözlərinə görə, açıq havada satılan toyuq məhsulları tez xarab olur:

“Bu gün bazarlarda və məhəllə marketlərində açıq havada, soyuducularda saxlanılmadan satılan məhsullar, xüsusilə də heyvan mənşəli qidalar birbaşa sağlamlığa ciddi təhdidir. Belə ki, bu həm qısamüddətli zəhərlənmələrə, həm də uzunmüddətli xroniki və onkoloji xəstəliklərə səbəb ola bilər.

Əgər "soyuq zəncir” prinsipi (soyuq şəraitdə yüksək temperatura həssas məhsulların saxlanması, nəqli və istifadəsi zamanı istiliyin təsirindən qorunmasıdır) bir yerdə qırılırsa, patogen mikroorqanizmlər (Salmonella, Listeria, E.coli və s.) sürətlə çoxalır. Məhsulun fiziki, kimyəvi və mikrobioloji təhlükəsizliyi pozulur. Nəticədə zəhərlənmələr və xərçəng riski artır.

Açıq havada satılan toyuqlar gün ərzində havanın təsiri ilə tez xarab olur. Bu şəraitdə bakteriyalar, xüsusilə “Salmonella” və “Campylobacter” çoxalır. Bişməmiş və ya yarıbişmiş toyuq qida zəhərlənməsi, iltihabi bağırsaq xəstəlikləri, hətta qan infeksiyasına səbəb ola bilər və immuniteti zəiflədər”.

O qeyd edib ki, açıq havada satılan yumurtalar da ciddi sağlamlıq riski yaradır:

“Bundan başqa, yumurtanın qabığından bakteriyalar içəri keçə bilir. Açıq havada saxlanan yumurtalar “Salmonella” riski daşıyır. Günəş altında saxlanıldıqda içində olan mikroorqanizm çoxalır.

Həmçinin, təbii və təzə süd və süd məhsulları ən tez xarab olan mallardır. Pasterizə olunmamış süd açıq havada brusellyoz, tüberküloz, listeria kimi infeksiyaları daşıya bilər.

Sərin şəraitdə saxlanmazsa, qanlı ishal, böyrək zədələnməsi riski doğurur. Bazarlarda açıq havada satılan pendir, qaymaq, qatıq məhsulları, toz və insandan keçən mikroblarla çirklənir. Bu məhsulların kimyəvi tərkibi dəyişərək toksin yarada bilər”.

Fərid Səfərov vurğulayıb ki, bəzi insanlar ucuz məhsulların daha sərfəli olduğunu düşünsələr də, bu seçim uzunmüddətli sağlamlıq xərcləri baxımından daha baha başa gələ bilər:

“Davamlı olaraq keyfiyyətsiz, çirkli, toksik mikroorqanizmlərlə çirklənmiş qidaların qəbulu orqanizmdə xroniki iltihab yaradır. Bu, zamanla bağırsaq, qaraciyər və mədə xərçəngi riskini artırır. Ucuz məhsul qısa müddətdə faydalı görünsə də, sonradan sağlamlıq xərcləri çox baha başa gələ bilər”.

O bildirib ki, əgər kənd məhsulu alırsınızsa, onun saxlanma şəraitinə baxın, çünki soyuducuda saxlanması şərtdir:

“Xüsusilə ət, toyuq və süd məhsulları mütləq soyuducuda saxlanmalıdır. Yumurta qabığında çirk varsa, alınmamalıdır. Süd və pendir yalnız möhürlü, pasterizə olunmuş qablaşdırmada alınmalıdır. Bu, məhsulun təhlükəsizliyini təmin edir. 

Çünki mikroblar görünmür və dərhal təsir etməyə bilər. Rəsmi nəzarət olmayan satış yerlərindən heyvan mənşəli məhsul almaq tövsiyə olunmur. Bu cür məhsulların mənşəyi və saxlanma şəraiti naməlum olur”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
27
cebheinfo.az

10Mənbələr