AZ

Nəzarətsiz çimmərliklərdə boğulmanın əsas səbəbi nədir? AÇIQLAMA

ain.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Azərbaycanın su hövzələrində boğularaq ölənlərin sayı artıb. Ən çox ölüm halları çay, göl və su kanallarında baş verir. 

Qeyd edək ki, havaların isti keçməsi çimmərliklərə üz tutanların sayını xeyli artırıb. Daha çox insan Xəzər dənizinin sahillərində çimməyi üstün tuturlar. Lakin dənizdə daha çox insanın çimməsinə baxmayaraq çay, göl və kanallarda boğulanların sayı daha çox olur. 

Bəs bunun səbəbi nədir? 

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirdi ki, çaylar, göllər, su anbarları, kanallar və dəniz sahilindəki bəzi ərazilər çimmək üçün nəzərdə tutulmayıb və bu ərazilərdə suya girmək qadağandır:

“Hansı çimərliklərə ki, müvafiq qurumlar tərəfindən fəaliyyət icazəsi verilib, vətəndaşlar məhz həmin yerlərə üz tutmalıdır. Bu həm təhlükəsizlik baxımından vacibdir, həm də beynəlxalq qaydalara uyğundur. Dünyada baş verən boğulma hallarının 98 faizi məhz nəzarətsiz və qeyri-rəsmi çimərliklərdə qeydə alınır”.

Ekspert qeyd edib ki, dünyada hər il 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Bu statistika yalnız dənizi deyil, həm də çayları, gölləri, kanalları və arxları əhatə edir.

E.Nurəliyev əlavə edib ki, rəsmi çimərliklər mövsüm başlamazdan əvvəl müvafiq qurumlar tərəfindən yoxlanılır:

"Su altı relyef, suyun fiziki-kimyəvi xüsusiyyətləri, dibdəki təhlükəli əşyalar – daşlar, lil, şüşə parçaları və sair araşdırılır. Əgər risk varsa, həmin çimərliklərin istifadəsi qadağan olunur. Rəsmi çimərliklərdə həmçinin xilasetmə qüvvələri fəaliyyət göstərir. Amma kanallar və göllər kimi nəzarətsiz ərazilərdə suyun dibində hansı təhlükələrin olduğunu əvvəlcədən təxmin etmək mümkün deyil. Burada qəfil axınlar, dərin yarğanlar, lil çökməsi, kəsici və zədələyici əşyalarla qarşılaşmaq mümkündür”.

Mütəxəssis xüsusilə valideynləri diqqətli olmağa çağırıb və uşaqların belə təhlükəli yerlərdə nəzarətsiz şəkildə suya girməsinin qarşısının alınmasının vacibliyini qeyd edib. 

Bəsti Rəfizadə

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
50
sfera.az

10Mənbələr