ABŞ Senatı prezident Donald Trampın İranla bağlı hərbi əməliyyat imkanlarını məhdudlaşdıran qətnamə qəbul edib. Bu qətnamə Vaşinqtonun İran siyasəti ətrafında uzun müddətdir davam edən əsas mübahisəni yenidən gündəmə gətirir.
Prezident müharibə qərarını təkbaşına verə bilərmi, yoxsa Konqresin razılığı mütləqdir?
Qeyd edək ki, Tramp dövründə İranla bağlı gərginlik bir neçə dəfə açıq hərbi toqquşma həddinə çatmışdı və indi Senatın addımı prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş siyasi mesaj kimi qiymətləndirilir. Qətnaməyə görə, Ağ Ev İranla bağlı genişmiqyaslı hərbi əməliyyatlara başlamazdan əvvəl Konqreslə razılaşmalı olacaq. Bu isə ABŞ daxilində həm hüquqi, həm də siyasi balans məsələsini yenidən ön plana çıxarıb.
Qərarın arxasında həm daxili siyasi hesablamalar, həm də Yaxın Şərqdə yeni müharibə riskindən narahatlıq dayanır. Demokratlar uzun müddətdir prezidentlərin Konqresdən yan keçərək hərbi əməliyyatlara başlamasını tənqid edir. Maraqlıdır ki, bu dəfə bəzi respublikaçı senatorların da demokratlarla birlikdə səs verməsi partiya daxilində Trampın sərt xarici siyasət kursuna dair narahatlığın artdığını göstərir. Xüsusilə İran limanlarının blokadası və İran gəmilərinə zərbələrin davam etməsi fonunda Senat administrasiyaya “müharibə qərarı tək adamın əlində olmamalıdır” mesajı verməyə çalışır.
ABŞ bundan sonra İrana yenidən hücum edə bilərmi?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev deyib: “ABŞ Senatı İranla bağlı Trampın əməliyyat imkanlarını məhdudlaşdıran qətnaməni qəbul etdirmək üçün mart ayından sonra 3 dəfə cəhdlər etmişdi. Amma hər dəfə bu cəhdlər səsvermə ilə Senatda olan respublikaçılar tərəfindən bloklanmışdı. Amma nəzərə alınmalıdı ki, prosesin eyni şəkildə davam edilməsinin imkansız olacağı öncədən məlum idi. Çünki ABŞ qanunvericiliyinə görə prezidentinin Senat və konqresdən icazə almadan 2 ay müddətinə qədər hərbi əməliyyatlar aparmaq səlahiyyəti var. Bəzi istisna hallarda bu müddət 30 gün də uzadıla bilər. Hələlik uzadılma ilə bağlı hər hansı məlumat yoxdur. Amma may ayının 1-də iki aylıq müddət başa çatıb. Senatda olan bundan öncəki sonuncu səsvermədə 57 əleyhinə, 43 lehinə olmaqla sənəd bloklanmışdı. Bu isə orada olan respublikaçı çoxluğun səyləri nəticəsində olmuşdu.
Amma bu dəfə səsvermə olardısa, fərqli nəticənin olacağı gözlənilirdi. Hazırda bu məsələ ilə bağlı konqresin mövqeyi hələ rəsmiləşməyib. Əgər Tramp hərbi əməliyyatlara yenidən başlamaq istəyində olacaqsa, Konqres vasitəsilə İrana rəsmi şəkildə müharibə elan olunması qərarını almağa cəhd göstərəcək. Konqresdə də respublikaçılar üstünlük təşkil edir. Yox əgər bu alınmayaqca, ancaq əməliyyatları aparmaq məcburiyyəti ortada olacaqsa, o zaman müxtəlif variantlardan istifadə etməklə müharibəyə başlaya bilər. Burada bir neçə faktorlar ortada ola bilər.
Birincisi, prezidentin icazəsiz hərbi əməliyyatlar aparmağa icazə verilən iki aylıq müddət may ayının 1-də bitib. Amma atəşkəs bu müddətdən öncə razılaşdırılıb. Bir müddət sonra yenidən hərbi əməliyyatlara başlasa, bunu yeni müddət kimi də qəbul etdirməyə çalışa bilər.
İkincisi, İran ərəb ölkələrinə, xüsusilə İsrailə raket hücumları həyata keçirəcəyi halda ABŞ həmin ölkələr qarşısında ödəliklərindən irəli gələrək İrana qarşılıq verməyə məcbur olacaq. Atəşkəsdən sonra İran ərəb ölkələrinə bir neçə dəfə raket və dron hücumu edib. Belə halda prezident Konqres və Senatdan icazə ala da bilər, yenidən iki ay müddətinə rəsmi müharibə aparmadan əməliyyatlar da həyata keçirə bilər. Yəni Tramp istəsə yolunu tapıb müharibəni aparar, istəməsə bu qərardan istifadə edib danışıqlar prosesini uzada bilər. İstənilən halda yaxın bir neçə həftədə hər şey bilinəcək. Əsas məsələ partiya daxilində yarana biləcək problemləri hansısa şəkildə qaydasına qoyulub-qoyulmamasından asılı olacaq”.
Cavanşir Abbaslı
Musavat.com