AZ

Trampın İran təhdidləri: Blef, yoxsa yeni müharibə anonsu?

ABŞ Prezidenti Donald Tramp İranı yenidən təhdid edib.

O, İrana qarşı növbəti hərbi əməliyyatlara start verə biləcəklərini açıqlayıb. Trampın sözlərinə görə, bu həftəsonu sözügedən addım atıla bilər. Ekspertlər isə onun bu təhdid ritorikasını ciddi hesab etmirlər. Çünki ABŞ lideri son dönəmlərdə mütəmadi olaraq İranı təhdid edir, hətta konkret vaxt qoyur. Lakin dediyi müddət dolduqda fərqli bəyanatlarla çıxış edir. 

Maraqlıdır, Tramp bu dəfə də blef edir, yoxsa İrana qarşı əməliyyatlar yenidən başlaya bilər?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, Donald Trampın İrana növbəti hədəsi psixoloji təzyiq göstərmək üçündür:


“O, eyni zamanda İranla sülh müqaviləsinin yaxın olmasından danışır. Yəni İran müharibəsinin tez bir zamanda başa çatdıracaqlarını da deyir. Üstəlik, İranın sülh istədiyini bəyan edir. Bəs qarşı tərəf sülh istəyirsə, nə üçün müqavilə imzalamırlar? Belə cavabsız suallar da var”.

Ekspert Trampın İrana qarşı təhdidlərini ciddi qəbul etmədiyini söyləyib:
“Nəzərə almaq lazımdır ki, ABŞ Konqresi Trampa İranla bağlı bəzi hərbi məsələlərdə qadağalar tətbiq edərək onun fəaliyyətini məhdudlaşdırıb. Hətta aralıq seçkilərindən əvvəl Tramp özü də bir qədər ehtiyat edir. Ona görə də bu təhdidləri ciddi qəbul etmirəm. Belə təhdidlər dünən də olub, bu gün də var, sabah da olacaq”.

Polkovnikin sözlərinə görə, Tramp İran məsələsində çox böyük problemlə üzləşib:
“Problem odur ki, ABŞ lideri dediklərini edə bilmir, etdikləri isə ürəyincə deyil. Son məlumatlara görə, ABŞ İran müharibəsində 80 milyarda yaxın vəsait sərf edib və 20-dən artıq təyyarə itirib. Məhv edilən dronların isə sayı-hesabı yoxdur. 

Bunların hamısı çox böyük maddi itkidir. Tramp İranı daş dövrünə qaytarmaqla, sivilizasiyasına son qoymaqla da hədələyirdi. Əslində isə bütün bunlar Ağ Ev rəhbərinin əsəbiliyindən xəbər verir. Ona görə Trampın bu dəfə də blef etdiyini düşünürəm”.

Üzeyir Cəfərov hesab edir ki, ABŞ Prezidenti yenə də geri addım atacaq:
“Tramp deyir ki, son əməliyyat zamanı İrana zərbə endirməyə bir saat qalmışdı, amma ərəb ölkələrinin xahişinə görə dayandı. Yəqin ki, yenə belə bir bəhanə tapacaq. Ümumiyyətlə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara yenidən başlayacağını düşünmürəm. Sadəcə haradasa İran gəmilərinə və ya qüvvələrinə hücumlar ola bilər. Çünki İran hazır vəziyyətdə və Amerikaya cavab zərbələri endirməyə hazır olduğunu bəyan edir. Bu məsələlər də Trampı çox narahat edir. 

Nəticə etibarilə, aralıq seçkiləri yaxınlaşdıqca Tramp İranla bağlı təhdidlərinin sayını artıracaq. Düzdür, İsrail müharibənin yenidən başlaması üçün canfəşanlıq edir, amma Tramp bu həssas məqamda istədiyinin əksinin baş verə biləcəyini də anlayır. Bütün bunlara görə ABŞ liderinin təhdidlərinin sadəcə İrana qarşı psixoloji təzyiq vasitəsi olduğu qənaətindəyəm”.

Elmir Mustafa 

Seçilən
30
27
hit.az

10Mənbələr