AZ

Trampın İran məğlubiyyəti: Nə hərb, nə sülh, yalnız Hörmüzün lənəti...

Yaxın perspektivdə Tramp artıq İran müharibəsini uduzub, uzaq perspektivdə isə ABŞ bu müharibədə məğlubiyyətə doğru gedir...

Müəllif: Azər QARAMANLI

Trampın Netanyahunun rəhbərliyi altında İranla müharibəyə başlaması, təkcə Trampı və ABŞ-ni deyil, onlarla ölkəni birbaşa, ya da dolayısı ilə çıxılmaz dalana soxub. İndi dünyanın istənilən bucağında siyasi və geosiyasi dairələrdə ABŞ-İran müharibəsinin hansı sonluqla bitəcəyini müzakirə edirlər. Tramp yenidən İranı bombardman edəcəkmi? Hörmüz boğazı yaxın zamanda açılacaqmı, açılmayacaqsa, nə olacaq? İran limanlarının blokadası molla rejiminin süqutunu təmin edə biləcəkmi? Əgər Tarmp və Netanyahu İranı təslim olmağa məcbur edə bilməyəcəksə, Yaxın Şərqin gələcəyi necə formalacaq, ya da Yaxın Şərq hansı girdaba sürüklənəcək?

İndi beynəlxalq aləmin siyasi və geosiyasi mərkəzləri bu suallar üzərində baş sındırırlar və görünən odur ki, ABŞ-İran müharibəsi “qaynar atəşkəs” formasında illərlə sürə bilər. Həmçinin, Hörmüz boğazı da illərlə bağlı qala bilər.

Reallıq budur ki, Tramp və Netanyahu İranla müharibənin üçüncü günündə bu müharibəni uduzdular. Yəni Əli Xameneyinin ölümü öz təsdiqini tapdıqdan sonra İranda rejimin dəyişməməsi və əksinə, SEPAH-ın hakimiyyətdə daha da möhkəmlənməsi Tramp və Netanyahunun bu müharibəni uduzması demək oldu. Çünki başladılan müharibənin tək məqsədi İrandakı rejimi ortadan qaldırmaq və İranda ABŞ və İsrailə tabe olan yeni bir rejim formalaşdırmaqdı. Bu, baş vermədikdən sonra isə Tramın və Netanyahunun məğlubiyyəti açıq şəkildə görünür. Bundan sonra Tramp İranı “daş dövrünə” qaytarsa belə, nəticə faktiki olaraq dəyişməyəcək...

Hazırda Yaxın Şərqdə formalaşan status-kvo isə vahiməlidir. Bəsrə körfəzində və Hörmüz boğazında hazırkı vəziyyət birmənalı şəkildə onu deməyə əsas verir ki, Trampın İran avantürası təkcə öz adminstrasiyasının gələcəyini deyil, eyni zamnda bütün körfəz ölkələrinin gələcəyini dalana dirəyib və hazırda bu vəziyyətdən qurtulmaq üçün heç kimin formulası yoxdur. Digər tərəfdən isə Çin başda olmaqla bir sıra güc mərkəzlərinin Trampın yaratdığı xaosdan yararlanmaq istəkləri də özünü açıq şəkildə büruzə verir və İran üzərindən böyük geosiyasi oyunlar qaçılmaz hal alıb.

Artıq aydındır ki, ilin sonuna qədər Hörmüz boğazının açılması mümkün deyil. İlin sonuna qədər Trampın İrana qarşı ikinci ağır bombardman dalğasına başlaması da inandırıcı görünmür. Çünki sabah Çinə səfər edəcək Trampın Si ilə görüşdən hansı nəticə ilə geri dönəcəyi məlum deyil. Ümumiyyətlə, bu görüşdən hansısa nəticənin çıxaçağı belə, sual altındadır.

Digər tərəfdən bir ay sonra - iyunun 11-də Futboı üzrə Dünya Çempionatı başlayır. İyulun 19-na qədər davam edəcək çempionat isə ABŞ, Kanada və Meksikada keçiriləcək. Yəni 40 gün müddətində Tramp adminstrasiyasının İrana qarşı ikinci müharibə dalğasına başlamaq barədə qərar verməsi heç inandırıcı deyil.

Mundialdan sonra isə ABŞ-də aralıq seçkilərə start veriləcək və noyabra qədər Trampın İranda səmərəsiz və nəticəsiz müharibə aparması Respublikaçılar üçün fəlakətli nəticələr doğura bilər. Yəni faktiki olaraq noyabrın sonuna qədər Trampın İrana qarşı sərt gücdən istifadə etməsi üçün siyasi şərait sıfırdır və hazırda ABŞ prezidenti əli-qolu bağlı vəziyyətdədir.

Təbii ki, bunu İranda da görür və hesablayırlar. Ona görə də İran olduğundan daha qətiyyətli davranır. Əgər Tramp üçün İran avantürasından tək çıxış yolu Tehranı təslim etməkdirsə, molla rejimi üçün də çıxış yolu noyabrda Respublikaçıların Konqresdə çoxluğu itirməsidir. Seçkinin nəticələri isə Konqresdəki Respublikaçı çoxluq üçün heç də ürəkaçan görünmür.

İşin tragikomik tərəflərindən biri də odur ki, indi Respublikaçılar üçün əsas problem Trampın özüdür. Bir gündə özünü bir neçə dəfə təkzib etməyə adətkərdə olmuş Tramp indi ətrafı və partiyası üçün “zəhərli” liderə çevrilib. Yəni Respublkaçılar üçün əsas dilemma odur ki, onlar heç olmasa Senatda üstünlüyü qorumaq üçün Trampdan imtina etməlidir, ən yaxşı halda isə ondan uzaq durmalıdırlar.

Trampın aralıq seçkilərini uduzması halında isə İranla yeni müharibəyə başlaması imkansız olacaq. Yəni “nə hərb, nə də sülh” formulası illərlə uzana bilər ki, bu hal da bir tərəfdən Hörmüz boğazının illərlə bağlı qalmasına, ya da İranın şərtlərinə uyğun açılmasına, digər tərəfdən isə İran limanlarının illərlə blokadaya alınmasına gətirib çıxaracaq.

İndi Tramp üçün əsas ümid yeri İran limanlarının blokadasının effektli olmasıdır. İranın iqtisadi çöküşü Trampın İranda özünü qalib elan etməsi üçün yetərli ola bilər. Amma bu da inandırıcı deyil. Çünki ABŞ gəmilərinin bütün akvotariyanı nəzarətdə saxlaması elə də asan deyil və bildiyimiz kimi, İran gəmiləri bu blokadanı dəlib keçə bilir. Trampın sözügedən addımının tədricən ABŞ büdcəsinə ağır yük olması da blokadanı zəiflədəcək əsas faktora çevriləcək. Çünki Hind okeanın geniş ərazilərinə çıxışı blokadada saxlamaq üçün ABŞ-nin bölgədəki gücü yetərli deyil və bu blokada İranın itirdiyi qədər ABŞ-nin də itirməsi anlamına gəlir.

Münaqişənin “nə hərb, nə də sülh” formulasına keçməsi isə ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinin Vaşinqtondan sürətlə uzaqlaşmasına yol açacaq. Ona görə ki, Trampın Netanyahunun tələbi ilə İran avantüraslna girməsi Körfəz ölkələrinin hərbi və iqtisadi təcavüzlə üzləşməsinə yol açdı. ABŞ onların təhlükəsizliyini təmin edə bilmədiyi kimi, bu avantüra Körfəz ölkələrinin böyük iqtisadi və sosial zərər görməsi ilə nəticələndi. Yəni Trampın avantürasın qurbanı tək İran deyil, həm də Vaşinqtonun müttəfiqləri olan Körfəz ölkələridir. Bu halda, yəni yaxın zamanda Tramp İranı təslim edə bilməyəcəyi halda və münaqişənin uzanması fonunda Körfəz ölkələrinin ABŞ-nin mütəffiqi olaraq qalmaları üçün ortada heç bir səbəb qalmayacaq. Ona görə də bu ilin sonlarında və gələn ilin əvvəlində Yaxın Şərqdə yeni ittifaqların formalaşması da qaçılmaz görünür və bu yeni ittifaqlar hər şeydən əvvəl ABŞ və İsrail üçün yaxşı heç bir şey vəd eləmir.

Ümumilikdə götürdükdə isə yaxın perspektivdə Tramp artıq İran müharibəsini uduzub, uzaq perspektivdə də ABŞ məğlubiyyətə doğru gedir...

Poliqon.info

Seçilən
30
27
poliqon.info

10Mənbələr