AZ

ABŞ-nin İran qarşısında son diplomatik şansı: Yaxın Şərqdə yeni mərhələ başlayır?

ABŞ ilə İran arasında artan gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzusuna çevrilib.

Prezident Donald Trampın hərbi əməliyyatları qısa müddətlik təxirə salması Vaşinqtonun hələ də diplomatik kanalları tam bağlamadığını göstərir. Bununla yanaşı, ABŞ Prezidentinin açıqlamalarında sərt ritorikanın qalması bölgədə risklərin azalmadığını ortaya qoyur.

Körfəz ölkələrinin prosesə müdaxilə etməsi də diqqət çəkən məqamlardan biridir. Çünki Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı mümkün genişmiqyaslı qarşıdurmanın regionun iqtisadi və təhlükəsizlik balansını poza biləcəyini anlayır. Mövcud vəziyyət həm ABŞ daxilində siyasi hesablamaları, həm də İranın gələcək strategiyasını yenidən gündəmə gətirir.

Mpvzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin hərbi əməliyyatları təxirə salması ilə regionda gərginliyin azalacağını düşünmək hələ tezdir. Onun sözlərinə görə, çünki Vaşinqton hərbi variantı gündəmdən çıxarmayıb və bunu açıq şəkildə göstərir:

“Sadəcə hazırda diplomatiya üçün qısa zaman verilir. ABŞ anlayır ki, İranla birbaşa böyük qarşıdurma bütün Yaxın Şərqi silkələyə bilər. Xüsusilə Hörmüz boğazı ətrafında yaranacaq risklər dünya enerji bazarına ciddi təsir edər. Ona görə indi tərəflər həm təzyiq göstərir, həm də son dəfə siyasi razılaşma imkanlarını yoxlayır”.

Müsahubimiz hesab edir ki, Vaşinqtonun diplomatiyaya üstünlük verməsi daxili siyasi amillərlə bağlıdır:

“Burada daxili siyasi faktorlar da mühüm rol oynayır. ABŞ cəmiyyətində uzunmüddətli xarici müharibələrə əvvəlki dəstək yoxdur. İqtisadi problemlər, enerji qiymətləri və seçki atmosferi administrasiyanın qərarlarına təsir edir. Tramp sərt lider görüntüsünü qorumaq istəyir, amma eyni zamanda yeni hərbi bataqlığa girmək istəmir”.

Züriyə Qarayeva: Tramp sərt lider görüntüsünü qorumaq istəyir, eyni zamanda yeni hərbi bataqlığa girmək istəmir

Politoloq deyib ki, diplomatiyaya şans verməsi həm də beynəlxalq ictimaiyyət qarşısında ABŞ-nin mövqeyini legitim göstərmək məqsədi daşıyır. Yəni Vaşinqton çalışır ki, gələcəkdə mümkün eskalasiya olsa belə, məsuliyyətin İranın üzərində qaldığını nümayiş etdirsin.

“Körfəz ölkələrinin prosesə müdaxiləsi nəyi göstərir” sualını cavablandıran Z.Qarayeva bildirib ki, bu, region ölkələrinin müharibədən ciddi şəkildə narahat olduğunu göstərir. Çünki mümkün qarşıdurmanın ilk iqtisadi və təhlükəsizlik zərbəsi məhz Körfəz ölkələrinə dəyə bilər. Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər son illərdə daha çox sabitlik və iqtisadi inkişaf gündəliyinə fokuslanmağa çalışır. Onlar regionun yenidən böyük hərbi böhran zonasına çevrilməsini istəmirlər.

“Digər tərəfdən, Körfəz ölkələri artıq ABŞ ilə İran arasında müəyyən balans siyasəti qurmağa çalışırlar. Bu da Yaxın Şərqdə yeni diplomatik reallığın formalaşdığını göstərir”, - deyə həmsöhbətimiz qeyd edib.

Qarşıdakı günlərdə prosesin necə inkişaf edə biləcəyinə gəlincə, Züriyə Qarayeva bildirib ki, hazırda ən real ssenari gərgin diplomatik danışıqların davam etməsidir. Onun sözlərinə görə, amma paralel şəkildə hərbi təzyiq də saxlanılacaq. ABŞ İranın nüvə proqramı ilə bağlı daha konkret addımlar gözləyir. İran isə maksimum güzəşt etmədən vaxt qazanmağa çalışacaq. Müsahibimizin fikrincə, əgər tərəflər arasında minimum anlaşma əldə olunmasa, bölgədə yenidən məhdud hərbi əməliyyat ehtimalı arta bilər. Buna görə qarşıdakı günlər Yaxın Şərqin təhlükəsizlik arxitekturası baxımından olduqca kritik görünür.

Zülfü Məmmədov

Seçilən
14
27
bakivaxti.az

10Mənbələr