AZ

Lionel Messi “Sinsinnati”yə 2 qol vurdu – Video – ARENA.AZ

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Sinsinnati” ilə qarşılaşıb.

“Vağlar” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıblar – 5:3. Messi 90 dəqiqə meydanda olub və 2 qol, 1 assistlə yadda qalıb. O, komandasının 24-cü və 55-ci dəqiqələrdə vurduğu qolların müəllifi olubsa, 79-cı dəqiqədə Mateo Silvettinin fərqlənməsinə şərait yaradıb.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 13 oyundan sonra 25 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 13 oyunda 7 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 14 oyuna çıxıb, 12 qol vurub, 4 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 102 oyun, 89 qol və 48 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
35
6
arena.az

10Mənbələr