AZ

Donyell Malen “Roma”da qaldı – Rəsmi – ARENA.AZ

Müqavilə ilə “Aston Villa”ya məxsus olsa da, icarə əsasında “Roma”da çıxış edən Donyell Malen İtaliya klubunda qalacaq.

Arena.az xəbər verir ki, “Roma” Malenin transfer hüquqlarını alıb.

Klub avrokuboklara vəsiqə qazandığı üçün müqavilədəki satınalma bəndi avtomatik aktivləşib. A Seriyası təmsilçisi 27 yaşlı niderlandlı futbolçu üçün qarşı tərəfə 25 milyon avro ödəyib. Yeni müqaviləyə əsasən, Malen 2029-cu ilin 30 iyununadək “Roma”nın uğurları üçün çıxış edəcək.

Xatırladaq ki, “Roma” Donyell Maleni bu ilin əvvəlində “Aston Villa”dan icarəyə götürmüşdü. “Canavarlar” futbolçunun yarım mövsümlük icarəsi üçün İngiltərə klubuna 2 milyon avro ödəmişdilər. 27 yaşlı forvard “Roma”nın heyətində indiyə qədər 18 oyuna çıxıb, 14 qol və 3 assist müəllifi olub.

Donyell Malen “Ayaks”ın yetirməsidir. London “Arsenal”ının da sistemindən keçmiş forvard peşəkar karyerasına PSV-də başlayıb. O 2021-ci ilin iyul ayında məhz PSV klubundan 30 milyon avro qarşılığında Dortmund “Borussiya”sına keçib. “Aston Villa” isə bu futbolçunu 2025-ci ilin yanvarında 25 milyon avro müqabilində heyətinə qatmışdı. O, İngiltərə klubunun heyətində 46 matça çıxıb. Hücumçu bu görüşərdə 10 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Malen Niderlandın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2019-cu ilin sentyabr ayında əsas millidə debüt edib. O, Niderland millisində də 51 oyuna çıxıb, 13 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
47
9
arena.az

10Mənbələr