Böyük Britaniya Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların siyahısını daha 18 maddə üzrə genişləndirib.
Editor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yayılan məlumatda bildirilir.
Yeni qərara əsasən, Krallıq səkkiz şirkəti və on fiziki şəxsi sanksiya siyahısına daxil edib. Məhdudiyyətlər, xüsusilə “Alabuga Start” proqramının bəzi əməkdaşlarına, eləcə də Rusiya, Belarus və Fransadan olan bir sıra şirkət və vətəndaşlara şamil olunub.
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Qərb ölkələri Moskva qarşısında genişmiqyaslı sanksiyalar tətbiq edib. Bu addımlar qlobal təchizat zəncirində pozuntulara səbəb olub, nəticədə Avropa və ABŞ daxil olmaqla bir çox regionlarda yanacaq və ərzaq qiymətlərində kəskin artım müşahidə olunub.
Rusiya tərəfi dəfələrlə bəyan edib ki, sanksiya təzyiqlərinə uyğunlaşmağı bacarır. Bununla yanaşı, rəsmi Moskva Qərb ölkələrinin tətbiq etdiyi məhdudiyyətlərin effektivliyi ilə bağlı iddiaları qəbul etmədiyini vurğulayır.
//Gülnarə Abasova, Editor.az