“Ermənistan parlamentinin spikeri Alen Simonyan qeyd edib ki, guya Azərbaycan, Türkiyəni Ermənistanla danışıqlara aparmağa imkan vermir və münasibətlərin girovuna çevirib. Bu kimi yanlış və reallığa daban-dabana zidd bir mövqe...”
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, Azərbaycan və Türkiyə strateji müttəfiq, qardaş dövlətlərdir: “Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova ilə aprel ayının 17-də Türkiyənin İstanbul şəhərində keçirilən görüş zamanı vurğulayıb ki, iki dövlət arasında sülh prosesinə maneə ola biləcək əngəllər aradan qaldırılır. Simonyan qeyd edib ki, artıq sülh prosesi ilə bağlı danışıqlar konstruktiv ruhda keçirilir və müzakirə olunan məsələlərlə bağlı heç bir fikir ayrılığı ortada yoxdur. Bununla yanaşı o deyib ki, guya, Türkiyə ilə Ermənistan münasibətlərinin irəliləməməsində, quru sərhədlərin bağlı qalmasında Azərbaycan günahkardır və Azərbaycan məsuliyyət daşıyır. Ermənistan Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı Türkiyənin dəyişməz mövqeyi var ki, bu, prosesin gedişatına adekvat olaraq Türkiyə Ermənistan ilə münasibətləri dərinləşdirəcək və inkişaf etdirəcək. Bu gün Türkiyə Ermənistan münasibətləri də inkişaf etməkdədir. Çünki Azərbaycan Ermənistan münasibətlərində bir müsbət dinamika var. Adekvat olaraq Ankara-İrəvan münasibətlərində də irəliləyiş müşahidə olunur və bu təbiidir, belə də olmalıdır. Görəcəksiniz ki, Azərbaycan Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Türkiyə ilə Ermənistan münasibəti keyfiyyətcə yeni mərhələyə qalxacaq. Bunlar bir-biri ilə bağlı proseslərdir”.
Şəhanə Quliyeva