Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilməməsi ilə bağlı açıqlama verib. O, hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən tarixi fikirlər səsləndirib.
Baş nazirin dedikləri regionda yeni müzakirə dalğası yaradıb. Bu da təsadüfi deyil. Çünki həmin Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün israrla bu məqamın konstitusiyadan çıxarılmasını tələb edir. Qardaş Türkiyə də bu məsələdə qətiyyətlidir.
Bu addım Ermənistanın əvvəlki siyasi xəttindən geri çəkilməsi deməkdir? Əgər yeni konstitusiyada həmin istinad yer almasa, bu, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından tamamilə imtina etməsi kimi qiymətləndirilə bilərmi?

Politoloq Züriyə Qarayeva Musavat.com-a deyib ki, Paşinyanın konstitusiyanın preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması ilə bağlı mövqeyi formal dəyişiklikdən daha artıq məna daşıyır, amma bunu dərhal strateji kursun tam dəyişməsi kimi oxumaq da düzgün olmaz:
“Bu addım ilk növbədə hüquqi və siyasi risklərin minimallaşdırılmasına yönəlib. Çünki həmin bəyannamədə yer alan bəzi müddəalar illər boyu Ermənistanın qonşularına qarşı dolayı ərazi iddialarının ideoloji bazası kimi şərh olunurdu. Bu istinadın aradan qaldırılması beynəlxalq müstəvidə, xüsusilə sülh müqaviləsi danışıqları çərçivəsində İrəvanın manevr imkanlarını genişləndirir və onun daha konstruktiv tərəf kimi görünməsinə xidmət edir. Lakin bu, avtomatik olaraq həmin iddialardan tam və geri dönməz imtina demək deyil, çünki real siyasət yalnız konstitusion mətnlə deyil, həm də siyasi iradə, ictimai rəy və institusional davranışla müəyyən olunur”.
Politoloq bu məsələni Azərbaycan tərəfindən belə şərh edib:
“Bu addımın Azərbaycanla münasibətlərin normallaşmasına təsiri potensial olaraq müsbət ola bilər, amma həlledici deyil. Əgər dəyişiklik paralel olaraq konkret siyasi qərarlarla, sərhədin tanınması, kommunikasiya xətlərinin açılması və təhlükəsizlik məsələlərində real öhdəliklərlə müşayiət olunarsa, o zaman bunu yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Əks halda, bu, daha çox beynəlxalq təzyiqlər fonunda atılmış taktiki jest kimi qalacaq. Ermənistan daxilində müxtəlif siyasi qüvvələrin mövqeyi, diaspor təsiri və regional güc balansı da bu prosesin istiqamətini müəyyən edəcək əsas faktorlar sırasındadır. Ona görə də hazırkı addım daha çox siqnaldır, amma hələ yekun nəticə deyil”.
Cavanşir ABBASLI
Musavat.com