Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 21 aprel, AZƏRTAC
Belçika və Niderland parlamentlərinin qəbul etdiyi son qətnamələr zahirən “insan hüquqları” və “regional təhlükəsizlik” kimi şüarlarla pərdələnsə də, mahiyyət etibarilə Azərbaycan-Ermənistan münasibətlərinin tarixi və reallıqlarını kobud şəkildə təhrif edən siyasi qərəz və ikili standartların bariz nümunəsidir. Bu sənədlər nə obyektivliyə, nə də beynəlxalq hüququn fundamental prinsiplərinə söykənir; əksinə, uzun illərdir formalaşmış anti-Azərbaycan, islamofob yanaşmaların qeyri-sağlam və qərəzli təxəyyülünün məhsulu kimi çıxış edir.
Bu qətnamələr açıq şəkildə beynəlxalq hüququn və qanunun aliliyinin ruhuna ziddir. Onlar regionda davam edən və artıq həssas, eyni zamanda, ümidverici mərhələyə qədəm qoymuş sülh prosesinə qarşı yönəlmiş siyasi təxribat təsiri bağışlayır. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu sənədlər Azərbaycan və Ermənistan parlament sədrlərinin növbəti görüşünün keçirildiyi bir vaxtda qəbul edilib. Bu isə qətnamə təşəbbüskarlarının regiondakı real proseslərdən nə qədər uzaq olduqlarını açıq şəkildə göstərir. Onların məqsədi sülhü təşviq etmək deyil, əksinə, düşmənçilik ritorikasını qızışdırmaq, revanşist və qisasçı meyilləri alovlandırmaqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, Belçika parlamentinin qəbul etdiyi sənəddə tarixi Vaşinqton Sülh Sammitinə, ümumiyyətlə, istinad edilməməsi xüsusilə diqqəti cəlb edir. Halbuki həmin sammit regionda sülhün qurulması istiqamətində mühüm dönüş nöqtəsi olub, tərəflər arasında “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə nəticələnib. Bu faktın bilərəkdən görməzdən gəlinməsi sənəd müəlliflərinin ya mövzu üzrə ciddi məlumatsızlığını, ya da daha təhlükəlisi – məqsədli qərəzliliyini nümayiş etdirir. Onun sözlərinə görə, sərhəddə vəziyyətin “hərbi baxımdan riskli” kimi təqdim olunması isə reallıqla ziddiyyət təşkil edir. Ermənistanın rəsmi şəxslərinin dəfələrlə təsdiqlədiyi kimi, son iki il ərzində sərhəd xətti ən sabit dövrünü yaşayır. Bu sabitlik məhz Azərbaycanın ardıcıl şəkildə nümayiş etdirdiyi məsuliyyətli və sülhə yönəlmiş siyasətin nəticəsidir. Belə bir şəraitdə Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətini əsaslandırmaq üçün süni təhlükə narrativlərinin yaradılması açıq manipulyasiya təsiri bağışlayır.
“Bundan əlavə, regionda artıq yeni reallıqlar formalaşmaqdadır. Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin ilkin elementləri yaranmağa başlayıb. Müxtəlif istiqamətlər üzrə əməkdaşlıq siqnalları müşahidə olunur: Ermənistana neft məhsullarının göndərilməsi, eləcə də Azərbaycan ərazisi vasitəsilə bu ölkəyə ərzaq daşımalarının həyata keçirilməsi regionda qarşılıqlı praqmatik münasibətlərin formalaşdığını göstərir. Bu cür prosesləri görməzdən gəlmək isə sadəcə siyasi korluq deyil, həm də sülhün real əsaslarını inkar etmək deməkdir. Halbuki məhz iqtisadi əməkdaşlıq uzunmüddətli sabitliyin və etimadın ən mühüm dayaqlarından biri hesab olunur”, - deyə deputat qeyd edib.
E.Akimova bildirib ki, daha narahatedici məqamlardan biri də insanlıq əleyhinə cinayətlər törətdiyi məhkəmə yolu ilə sübuta yetirilmiş şəxslərin “müharibə əsiri” kimi təqdim edilməsidir. Bu cəhd, hər şeydən əvvəl, beynəlxalq hüququn əsas prinsiplərinə qarşı hörmətsizlikdir. Həmin şəxslərin istintaq və məhkəmə proseslərinin şəffaf şəkildə aparıldığı, onların bütün hüquqlarının təmin olunduğu həm beynəlxalq müşahidəçilər, həm də müvafiq hüquqi mexanizmlər tərəfindən təsdiq edilib. Üstəlik, Ermənistanın bu şəxslərlə bağlı müxtəlif instansiyalara etdiyi müraciətlərin dəfələrlə rədd olunması faktı bu iddiaların əsassızlığını bir daha ortaya qoyur.
Eyni mövqe BMT İnsan Hüquqları Şurasının Əsassız həbslər üzrə İşçi Qrupunun 2025-ci il 13 mart tarixli rəyində də əksini tapıb. Həmin rəyə əsasən, sözügedən şəxslərin Azərbaycanda həbs və mühakimə olunması qanuni hesab edilib, onların hüquqlarının pozulması ilə bağlı iddialar təsdiqini tapmayıb. Buna baxmayaraq, Avropanın bəzi siyasi dairələrinin bu məsələni manipulyasiya etməsi onların hüquqdan çox siyasi məqsədlərə xidmət etdiyini açıq şəkildə göstərir.
Deputat əlavə edib ki, Belçika və Niderland parlamentlərinin qəbul etdiyi bu qətnamələr sülhə xidmət etmir, əksinə, regionda yeni gərginlik ocaqları yaratmaq riskini artırır. Bu cür sənədlər nə dialoqa töhfə verir, nə də barışığa zəmin yaradır. Onlar sadəcə olaraq, reallıqları təhrif edən, qərəzli yanaşmaları legitimləşdirməyə çalışan və Cənubi Qafqazda formalaşmaqda olan yeni əməkdaşlıq mühitinə kölgə salan uğursuz siyasi addımlar kimi tarixə düşəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.