AZ

"Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın"

"Niderland və Belçikanın hər hansı əsas tapılmadığı halda belə bir qətnamənin qəbul edilməsi təəssüf hissi doğurur. Qətnamə reallıqdan uzaq olmaqla yanaşı, həm də ikili standartlara söykənən yanaşmanın bariz nümunəsidir. Bu, siyasi ambisiyaların növbəti addımıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Elçin Mirzəbəyli Niderland və Belçika parlamentlərinin qəbul etdikləri anti-Azərbaycan qətnamələrinə münasibət bildirərkən dedi.

O əlavə etdi ki, qətnamədə müəyyən edilmiş bəzi müddəalara istinad edildiyi halda, Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi kimi tamamilə əsassız iddiaların irəli sürülməsi düzgün deyil və qərəzli çıxışların mahiyyətini açıq şəkildə ortaya qoyur:

"Bu, həqiqəti qəsdən və məqsədyönlü şəkildə təhrif edir. Belçika parlamenti regionda guya gərginlik və hərbi risklərdən danışır, gərginliyin artmasından bəhs edir. Halbuki bölgədəki reallıq tam əksini göstərir. Son iki il ərzində Azərbaycan-Ermənistan sərhədində ən sabit və ən sakit dövr yaşanır. Bu faktı Ermənistan rəhbərliyi də hər addımda etiraf edir. Deməli, burada məqsəd süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinə maneə yaratmaqdan ibarətdir. Son niyyət isə Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi ilə bağlı təşəbbüslərin davamıdır. Bu isə geosiyasi maraqların, qarşıdurmaların fonunda kənar aktorların iki ölkə arasında əldə olunan mühüm irəliləyişləri, o cümlədən sülh müqaviləsinin mətninin razılaşdırılması istiqamətində atılan tarixi addımı istəmədiklərini sübut edir. Bakı sülh prosesində əldə olunan nəticələrin görməzdən gəlinməsi Belçika siyasi sistemi tərəfindən nümayiş etdirilir".

Onun sözlərinə görə, Belçikanın siyasi dairələrinin, o cümlədən parlamentarilərinin Azərbaycana qarşı qərəzi artıq uzun illərdir davam edir:

"Avropa Şurası Parlament Assambleyasında Belçika parlamentarilərinin ölkəmizə qarşı həyata keçirdikləri böhtan kampaniyalarının ön sıralarında yer alması, Belçika parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyətinin dayandırılması da bu ardıcıl və planlı şəkildə qurulan fəaliyyətin nəticəsidir. Amma sual olunur: əgər qarşı tərəf bütün imkanlarını sıradan çıxarırsa, biz niyə bu formal çərçivələri qoruyub saxlamalıyıq? Biz daim sülh, əməkdaşlıq və qarşılıqlı hörmət tərəfdarı olmuşuq, lakin birtərəfli qətnamələr, əsassız ittihamlar və siyasi təzyiqlər yolu ilə bizə təsir etmək cəhdləri yalnız bir tərəfə xidmət edir. Bu baxımdan təklif edirəm ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın".

NURİYYƏ

Seçilən
11
50
redaktor.az

10Mənbələr