AZ

Deputat: “İnsanlığa qarşı ağır cinayətlər törətmiş şəxslər bəzi dairələr tərəfindən “əsir” kimi təqdim olunurlar”

“Niderland və Belçika parlamentlərində Azərbaycana qarşı qəbul edilən qətnamələr nə siyasi məntiqə, nə də Avropa İttifaqının strateji maraqlarına uyğun gəlir. Bu addımlar açıq şəkildə regionda formalaşan sülh gündəliyinə qarşı yönəlmiş destruktiv mövqedir. Xüsusilə, diqqət çəkən məqam budur ki, hər iki ölkənin parlamenti eyni gündə, eyni məzmunlu sənədləri müzakirə edib qəbul edir. Bu isə həmin qərarların spontan deyil, koordinasiyalı və sifarişli xarakter daşıdığını deməyə əsas verir. Açıq demək lazımdır ki, bu, müstəqil mövqe deyil, siyasi manipulyasiyanın nəticəsidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, tarixləri neokolonial siyasətlə ləkələnmiş bəzi ölkələrin nümayəndələri bu gün Azərbaycana qarşı “ədalət” və “hüquq” ritorikası ilə çıxış etməyə çalışırlar: “Bu isə nə inandırıcıdır, nə də qəbulolunandır. Öz tarixində ciddi hüquq pozuntularına yol vermiş dairələrin bu gün başqa dövlətlərin daxili işlərinə qarışmaları açıq şəkildə beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır. Xüsusilə, qəbuledilməz haldır ki, insanlığa qarşı ağır cinayətlər törətmiş şəxslər bəzi dairələr tərəfindən “əsir” kimi təqdim olunurlar. Bu cür yanaşma faktların təhrif olunması ilə yanaşı, cinayətkarların dolayısı ilə müdafiə edilməsi deməkdir və bu, son dərəcə təhlükəli presedent yaradır. Eyni zamanda ciddi suallar doğurur: niyə könüllü şəkildə Azərbaycan ərazilərini tərk etmiş şəxslərin hüquqları bu qədər “həssaslıqla” qabardılır, amma 1980-ci illərin sonlarında zorla deportasiyaya məruz qalmış yüz minlərlə azərbaycanlının hüquqları görməzdən gəlinir? Bu açıq-aşkar ikili standartların, selektiv yanaşmanın və siyasi qərəzin göstəricisidir. Bu cür yanaşmalar nə regionda sülhə xidmət edir, nə də beynəlxalq münasibətlərdə etimadı gücləndirir. Əksinə, onlar gərginliyi artırır və real sülh prosesinə maneə olur. Azərbaycan isə öz mövqeyində qətidir – biz sülhün, sabitliyin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarıyıq. Beynəlxalq tərəfdaşlarımızdan da gözləntimiz budur ki, onlar reallıqları obyektiv qiymətləndirsinlər, regionda formalaşan yeni geosiyasi və iqtisadi nizamı düzgün dəyərləndirsinlər və qərəzli, sifarişli yanaşmalardan imtina etsinlər”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Aprel 2026, 11:41   
Seçilən
27
50
pravda.az

10Mənbələr