Məhərrəm Zülfüqarlı: “…Beynəlxalq rus dili təşkilatı məsələsini ortaya atmaqla revanş götürmək istəyir”
“…Rusiya, həmçinin Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edir. Bundan əlavə, birgə universitet layihələrinin həyata keçirilməsi, məktəblərin qurulması və “xaricdə rus müəllimi” proqramının genişləndirilməsi təklif olunur”. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında deyib.
Overçukun Azərbaycanı beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət etməsinin məqsədi nədir?
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, bu Rusiyanın indiki hökumətinin siyasətinin ana xəttini təşkil edir. “Bir qədər sözlərin, ifadə vasitələrinin yerini dəyişsələr də, amma məqsədləri eynidir. Çar Rusiyasının siyasətinə baxsaq görərik ki, həm çar, həm Sovet, həm də indiki dövrdə bu imperiya siyasəti yürüdürlər. Əraziləri işğal etmək, xalqları, mədəniyyətləri ruslaşdırmaq siyasətidir ki, çox təəssüf, rus rəhbərliyi hazırda da bundan əl çəkmir. Rusiyanın son zamanlar bu cür fəallaşması insanlarda Qərbə olan ümidlərə şübhələrinin olmasından sonra oldu. Yəni Trampın İsraillə birgə İrana hücum etməsi və uğursuz olması, ondan əvvəl isə Venesuelanın prezidentini oğurlaması insanlarda belə bir fikir yaratdı ki, elə Amerika siyasəti də Rusiya siyasəti ilə eyni məzmun daşıyır, formaca fərqlidir. Belə bir zamanda Rusiya revanş götürmək istəyir. İrana hücuma qədərki dövrdə Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləməsi, keçən ilin avqustunda onun şahidliyi ilə Azərbaycan və Ermənistan rəhbərliyinin Ağ evdə imzaladığı sənəd ABŞ-ın Cənubi Qafqazda nüfuzunu möhkəmləndirmişdi. Amma İrana qarşı müharibədə ABŞ-ın uğursuzluğu Rusiyaya bir qədər nəfəs verib. Xüsusilə də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində. İndi də Rusiya yenidən dil məsələsini ortaya atıb və beynəlxalq rus dili təşkilatı yaratdıqlarını bəyan edirlər. Bilirsiz ki, dünyada inteqrasiya gedir və insanlar bu inteqrasiyaya uyğunlaşaraq müxtəlif dillər öyrənirlər. Çox təəssüf ki, qonşumuz olan Rusiya digər sahələrdə nümunə göstərmədiyi kimi dil sahəsində də nümunə göstərmir. Heç kəs Azərbaycan vətəndaşını məcbur etmir ki, sən ingilis dili öyrən, fransız dili öyrən, çin dili öyrən. Baxırlar ki, gələcək inkişafları üçün bu dilləri lazımdır, onu da öyrənirlər. Azərbaycan vətəndaşları həm çar Rusiyası, həm Sovet dövründə zorakı imperiya siyasəti nəticəsində Azərbaycan dilinin boğulub rus dilinin təsiri görüblər. Ona görə də bu siyasətə həmişə nifrət ediblər. İndi də Rusiya rəhbərliyi həmin siyasəti formaca dəyişməklə davam etdirir. Yəni dil məsələsində zorakılıq, süni hərəkətlər əks reaksiya doğurur. Əgər Rusiya gələcəkdə nümunəvi bir cəmiyyət yaradarsa, hər hansısa bir vətəndaş görər ki, onun gələcəyi üçün bu dil lazımdır, baxıb öyrənəcək. Amma indiki vaxtda Rusiyanın siyasəti ona gətirib çıxarıb ki, nəinki başqa ölkələrin vətəndaşları, hətta öz vətəndaşları da ondan imtina etməyə başlayıb. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsindən sonra insanlar ölkəni tərk edir, gənclər müxtəlif xarici dillər öyrənməklə başqa ölkələrə sığınmaq istəyir. Belə bir vaxtda heç nə olmamış kimi Rusiya rəhbərliyi belə bir avantürüst siyasət yeridir. Mənə belə belə gəlir ki, bunun Rusiya üçün heç bir müsbət nəticəsi olmayacaq”.
M.Zülfüqarlı qeyd etdi ki, Azərbaycan dünyaya açıq ölkədir və Azərbaycan gəncləri Avropanın, Amerikanın, Türkiyənin ali məktəblərinə, hətta Çin universitetlərinə də qəbul olmağa üstünlük verirlər, nəinki Rusiya universitetlərinə.
M.Zülfüqarlının fikrincə, Overçukun bu təklifi təsadüfi deyil və bu Rusiyanın imperiya siyasətinin göstəricisidir. “Bu Rusiyanın imperiya siyasətinin tərkib hissəsidir və uğursuzluğa məhkumdur. Yaxşı olar ki, Rusiya dövləti gələcəkdə öz daxilində nümunəvi bir cəmiyyət formalaşdırsın və özünə müsbət münasibət yaratsın. Ukrayada apardığı təcavüzkar müharibə onu nüfuzdan salıb və beynəlxalq rus dili təşkilatı məsələsini ortaya atmaqla revanş götürmək istəyir, bunun da heç bir müsbət nəticəsi gözlənilmir”-deyə M. Zülfüqarlı qeyd etdi.
İradə SARIYEVA