AZ

"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" -Deputat

"Rusiya və Azərbaycan Xarici İşlər Nazirliyinin ortaq bəyanatında AZAL təyyarəsinin vurulması ilə bağlı və kompensasiyanın ödənilməsi üçün razılaşmanın əldə edilməsini Azərbaycan ictimaiyyəti və Azərbaycan dövləti çoxdan gözləyirdi. Nəticə etibarilə burada bir çox məsələlər öz həllini tapmalı idi. Hər şeydən öncə önə çıxan məsələ ondan ibarət idi ki, baş vermiş cinayət hadisəsi dövlətlərarası münasibətlərdə birinin digərinə üstünlüyü nöqteyi-nəzərindən qiymətləndirilməməli idi. Ancaq bu günə qədər Rusiya Federasiyasının təcrübəsində digər ölkələrə münasibətdə nadir hallarda bənzər bərabərhüquqlu davranış nümunələri görürük".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi. Onun sözlərinə görə, təyyarə qəzasından sonra nəhayət Rusiya Azərbaycanla bərabərhüquqlu davranış nümunəsi göstərərək həqiqətin ortaya çıxması və kompensasiyanın ödənilməsi üçün öhdəlik götürdü:

"Bu, mənə elə gəlir ki, Rusiya-Azərbaycan münasibətlərində gələcək perspektivlər üçün də olduqca mühüm addımdır. Rusiyada artıq başa düşürlər ki, Azərbaycan digər heç bir ölkəyə bənzəmir və etibarlı, bərabərhüquqlu, öz rolunu və nüfuzunu qiymətləndirməyi bacaran ölkədir. Azərbaycanın beynəlxalq nüfuzu, həyata keçirdiyi siyasət onun hansısa dövlətlə münasibətlərdə şaquli deyil, üfüqi münasibətləri tənzimləməsinə kifayət edir. Bu, mühüm bir hadisədir. Bəyanat həm də Azərbaycanın beynəlxalq nüfuzunun hansı səviyyədə olmasının göstəricisi olmaqla bərabər, bundan sonra Azərbaycanın beynəlxalq münasibətlərin aktoru kimi Azərbaycana yeni dividentlər gətirəcək bir hadisə kimi qiymətləndirilməlidir. Çünki bütün dünya ölkələri faktiki olaraq bənzər hadisələrdə hansı ölkənin necə davrandığını müşahidə edirlər və buna uyğun da qiymətləndirmələr aparırlar. Bu məsələnin beynəlxalq münasibətlər və dövlətlərarası münasibətlər kontekstində qiymətləndirilməsi, ancaq bütün bunlarla bərabər, Azərbaycanın öz vətəndaşlarının hüququnu qorumaq kontekstində göstərdiyi prinsipial mövqe də, heç şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək qiymətləndirilir."

Millət vəkili vurğuladı ki, hər bir Azərbaycan vətəndaşı özünü bir qədər daha çox təhlükəsizlikdə hiss edəcək:

"Ona görə ki, heç bir halda güclü və yaxud zəif dövlət olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşını hamı güclü bir ölkənin vətəndaşı kimi qəbul edəcək və onun hər hansı nəqliyyat vasitəsinə və yaxud hava nəqliyyat vasitəsinə qarşı aqressiv hərəkətlər etməyəcək. Bu da hər bir Azərbaycan vətəndaşında özünün təhlükəsizliyi ilə bağlı əminlik, eyni zamanda milli dövlətinə güvən, etimad yaradacaq. Məsələyə ümumi baxanda görürük ki, burada həm də diqqət mərkəzində olan əsas məsələ Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsidir və nəhayət, sonuncu məsələ beynəlxalq hüququn yerinə yetirilməsi məsələsidir ki, bütün bunlar əlbəttə ki, həm Azərbaycan ictimaiyyəti tərəfindən, həm beynəlxalq hüquq tərəfindən, həm də dövlətlərarası münasibətlər kontekstində olduqca yüksək qiymətləndirilməli hadisələrdir".

Aytəkin TOFİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr