Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində “Karlsrue” ilə oyunun iştirakçısı olub.
Doğma meydanda baş tutmuş bu görüş “Kayzerslautern”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu 83-cü dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Mahir vurub. O, 90+4-cü dəqiqədə fərqlənib.
26 turdan sonra 40 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 26 oyunda 12 qələbə qazanıb, 4 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 9 oyuna çıxıb, 2 qola imza atıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
