ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son günlər dünya siyasətinin diqqəti yenidən Yaxın Şərqə yönəlib.ABŞ, İsrail və Iran arasında kəskinləşən hərbi qarşıdurma qısa müddətdə regional miqyas alaraq bütün Körfəz regionunda təhlükəsizlik və iqtisadi sabitlik üçün ciddi risklər yaradıb. Hadisələrin inkişaf tempi göstərir ki, bu qarşıdurma yalnız üç dövlət arasında baş verən hərbi gərginlik deyil; o, eyni zamanda qlobal enerji bazarlarına, beynəlxalq ticarət marşrutlarına və dünya iqtisadiyyatının balansına təsir göstərə biləcək potensiala malikdir.
Tehranın regionda yerləşən ABŞ hərbi bazalarını “qanuni hədəf” kimi elan etməsi və ardınca həyata keçirilən raket və pilotsuz uçuş aparatları hücumları vəziyyəti sürətlə eskalasiya edib. Bu hücumların bir hissəsinin Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ərazilərində yerləşən obyektlərə yönəlib.
İranın raket və pilotsuz uçuş aparatları Körfəz ölkələrinin “regionun ən təhlükəsiz ölkələri” imicini sarsıdıb. Beşulduzlu hotellər, rezidensiyalar və strateji obyektlərin hədəfə alınması bölgədə panikanı artırıb.
Beləliklə, Yaxın Şərq bir daha geosiyasi risklərin ən yüksək olduğu regiona çevrilir.
Körfəz ölkələrinin təhlükəsizlik modeli sarsılır
Son onilliklərdə Körfəz ölkələri özlərini regionun ən sabit və təhlükəsiz iqtisadi məkanları kimi təqdim etməyə çalışırdılar. Xüsusilə BƏƏ və Qətər kimi ölkələr siyasi sabitlik, yüksək təhlükəsizlik və müasir infrastruktur sayəsində qlobal investisiya və turizm mərkəzinə çevrilmişdilər. Dubay və Əbu-Dabi kimi şəhərlər isə Yaxın Şərqin maliyyə və biznes paytaxtları kimi tanınırdı.

Lakin son hadisələr göstərdi ki, yüksək texnologiyalı müdafiə sistemləri və güclü iqtisadi potensial belə regionun geosiyasi risklərini tam aradan qaldıra bilmir. Raket və pilotsuz aparat hücumları nəticəsində strateji obyektlərin hədəfə alınması, hava məkanının bağlanması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi Körfəz ölkələrinin “təhlükəsiz iqtisadi liman” imicinə də ciddi zərbə vurur.
Beynəlxalq investorlar üçün təhlükəsizlik faktoru əsas prioritetlərdən biridir. Münaqişə uzun müddət davam edərsə, regiondan kapital axını, investisiya layihələrinin təxirə salınması və maliyyə bazarlarında dalğalanmalar qaçılmaz ola bilər.
Beş gün davam edən intensiv bombardman fonunda Körfəz ölkələrinin hava hücumundan müdafiə sistemlərinin zəiflədiyi və Vaşinqtona müharibəni dayandırmaq üçün təzyiq göstərildiyi iddia edilir.
Xüsusilə BƏƏ-nin daha ağır zərbə aldığı bildirilir. Həm enerji, həm də turizm sektorunda isə ciddi geriləmə yaşanıb. Səudiyyə Ərəbistanı və Qətərin neft-qaz ixrac imkanları da qarşıdurmadan mənfi təsirlənib.
"Hörmüz boğazı": qlobal enerji arteriyası təhlükə altında
Münaqişənin ən kritik geosiyasi məqamlarından biri İranın nəzarətində olan "Hörmüz Boğazı"nı ətrafında yaranan gərginlikdir. Bu boğaz dünya enerji bazarı üçün strateji əhəmiyyətə malikdir. Statistik məlumatlara görə, qlobal neft ticarətinin təxminən beşdə biri məhz bu marşrut vasitəsilə həyata keçirilir.

Boğazın bağlanması və ya tanker hərəkətinin məhdudlaşdırılması təkcə region ölkələrini deyil, bütün dünya iqtisadiyyatını təsir altına sala bilər. Enerji qiymətlərinin sürətlə artması, logistika xərclərinin yüksəlməsi və tədarük zəncirlərində gecikmələr qlobal inflyasiyanın güclənməsinə səbəb ola bilər.
Bu vəziyyət xüsusilə enerji idxalından asılı olan Avropa və Asiya ölkələri üçün ciddi problemlər yaradır. Eyni zamanda enerji bazarında qeyri-müəyyənlik beynəlxalq maliyyə bazarlarında risklərin artmasına gətirib çıxarır.
Turizm və xidmət sektorunda böyük itkilər
Körfəz ölkələrinin iqtisadi strategiyasının əsas istiqamətlərindən biri enerji sektorundan asılılığı azaltmaq və xidmət iqtisadiyyatını inkişaf etdirmək idi. Bu strategiyanın ən uğurlu nümunəsi isə Dubay modeli hesab olunur.

Dubay iqtisadiyyatında turizm və xidmət sektoru ümumi daxili məhsulun təxminən üçdə birini təşkil edir. Hər il milyonlarla turist bu şəhərə səfər edir, minlərlə beynəlxalq tədbir və biznes forumu keçirilir.
Lakin müharibə şəraitində turizm sektoru ən həssas sahələrdən biridir. Uçuşların məhdudlaşdırılması, səyahət risklərinin artması və sığorta xərclərinin yüksəlməsi turist axınının kəskin azalmasına səbəb olur. Körfz ölkələrində olan turistlər də regionu tərk edirlər. Bu isə hotellər, ticarət mərkəzləri, restoranlar və xidmət sektorunun digər sahələri üçün milyardlarla dollar itki deməkdir.
Uzunmüddətli perspektivdə bu vəziyyət Körfəz ölkələrinin iqtisadi diversifikasiya strategiyasını da təhlükə altına sala bilər.
Eyni zamanda Körfəz ölkələri indi müharibəyə dəböyük pullar xərcələməlidir. Son bir neçə gündə BƏƏ rəsmiləri 186 raketdən 172-sinin, həmçinin ölkəyə buraxılan 812 “Shahed” tipli PUA-dan 755-nin zərərsizləşdirildiyini açıqlayıb. Lakin bu rəqəmlər müharibə iqtisadiyyatı ilə bağlı sualları artırır.
On minlərlə dollara başa gələn İran istehsalı “Shahed” PUA-larına qarşı milyonlarla dollar dəyərində müdafiə sistemlərindən istifadə olunması “Körfəz ölkələri bu tempə nə qədər tab gətirə bilər?” sualını aktuallaşdırır.
Bahalı müdafiə sistemləri və ucuz hücum strategiyası
Ümumiyyətlə, müasir müharibələrdə diqqət çəkən əsas məqamlardan biri hücum və müdafiə xərcləri arasındakı ciddi fərqdir. İranın istifadə etdiyi pilotsuz uçuş aparatlarının böyük hissəsi nisbətən ucuz texnologiyaya əsaslanır.

Buna qarşı istifadə olunan müdafiə sistemləri isə son dərəcə bahalıdır.
Bu isə müasir müharibənin yeni iqtisadi paradoksunu ortaya çıxarır: on minlərlə dollar dəyərində olan pilotsuz aparatı məhv etmək üçün milyonlarla dollar xərcləmək lazım gəlir. Uzunmüddətli münaqişə şəraitində belə model iqtisadi cəhətdən davamlı hesab edilmir.
ABŞ istehsalı “Patriot” raketləri və THAAD sistemləri olduqca bahalı və istehsalı çətin olan silahlardır. “Patriot” raketlərinin istehsalçısı "Lockheed Martin" ildə təxminən 600 ədəd istehsal edə bilir. Bir “Patriot” raketinin dəyəri 4–5 milyon dollar, THAAD batareyalarının hər biri isə təxminən 12–13 milyon dollar civarındadır.

Vaşinqtondakı "Stimson Center"-in təhlükəsizlik üzrə eksperti Kirsty Grieco-nun hesablamalarına görə, İranın yalnız BƏƏ-yə qarşı istifadə etdiyi 541 PUA-nın dəyəri 11–27 milyon dollar arası olub. Halbuki onların qarşısını almaq üçün istifadə edilən müdafiə vasitələrinin xərci 253–759 milyon dollar arasında dəyişə bilər. Bu isə müdafiənin hücumdan təxminən 30 dəfə baha başa gəldiyini göstərir.
Ekspertlərin fikrincə, həm ABŞ, həm də İsrail üçün əsas sual İranın arsenalında nə qədər raket və PUA-nın olmasıdır. Qərb kəşfiyyatı Tehranın minlərlə raketə və “Shahed” tipli pilotsuz aparatlara sahib olduğunu ehtimal edir.
İranın yüksək dəqiqlikli zərbələr endirməsi nəticəsində Küveytdə altı amerikalı hərbçinin öldüyü, Riyaddakı ABŞ səfirliyinin zərər gördüyü bildirilir.
Müharibənin gündəlik xərci
Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatların aparılması ABŞ üçün də ciddi maliyyə yükü yaradır. ABŞ artıq qlobal təhlükəsizlik sistemində əsas hərbi güc rolunu oynadığı üçün müxtəlif regionlarda paralel əməliyyatlar aparmaq məcburiyyətində qalır.

ABŞ-ın bölgəyə göndərdiyi iki aviadaşıyıcının gündəlik istismar xərci təxminən 11,4 milyon dollardır. Tək istiqamətli “kamikadze” PUA-ların bir ədədinin qiyməti təxminən 35 min dollar hesablanır və 1.250 ədəd istifadəsi 43,8 milyon dollara bərabərdir.
“B-2 Spirit” bombardmançı təyyarələrinin bir saatlıq uçuş xərci 130–150 min dollar arasında dəyişir. “Tomahawk” qanadlı raketlərinin bir ədədinin qiyməti təxminən 2 milyon dollardır.
Belə xərclər ABŞ federal büdcəsinə ciddi təzyiq göstərir və büdcə kəsirinin artmasına səbəb olur.
95 milyard dollarlıq mümkün hesab
Ekspertlərin hesablamalarına görə, münaqişənin uzunmüddətli xarakter alması ABŞ iqtisadiyyatı üçün on milyardlarla dollar əlavə xərc yarada bilər. Pensilvaniya Universitetinin Penn Wharton Büdcə Modelinin direktoru Kent Smettersin qiymətləndirməsinə görə, münaqişənin ABŞ vətəndaşlarına birbaşa maliyyə yükü minimum 40 milyard dollar olacaq. Bu rəqəm 65 milyard dollara, müharibənin davam etməsi halında isə 95 milyard dollara qədər yüksələ bilər.

Bura israil və Körfəz ölklərinə dəyən iqtisadi zərəri də əlavə etsək müharibə qısa müddətdə bitsə belə ABŞ və müttəfiqlərinə 100 milyard dollardan baha başa gələcəyi şübhəı doğurmur. Müharibə uzanarsa bu zərər 100 milyarlardlar olacaq.
Lakin iqtisadi təsirlər təkcə hərbi xərclərlə məhdudlaşmır. Müharibə nəticəsində:
-neft qiymətlərinin artması;
-beynəlxalq ticarət marşrutlarının pozulmas;
-qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin yüksəlməsi kimi faktorlar dünya iqtisadiyyatına da ciddi təsir göstərə bilər
Mövcud tablo göstərir ki, qarşıdurmanın taleyi yalnız hərbi üstünlükdən deyil, həm də iqtisadi davamlılıqdan asılı olacaq. İranın daha ucuz və sürətli istehsal olunan silah strategiyası qarşısında ABŞ və müttəfiqlərinin bahalı müdafiə sistemləri uzunmüddətli perspektivdə ciddi sınaqla üz-üzə qala bilər. Region isə hələlik qeyri-müəyyənliyin və artan risklərin mərkəzində qalır.
İranın strategiyası nisbətən ucuz və kütləvi istehsal edilə bilən silah sistemlərinə əsaslanır. ABŞ və müttəfiqləri isə yüksək texnologiyalı, lakin bahalı müdafiə sistemlərindən istifadə edir. Bu fərq uzunmüddətli müharibə şəraitində tərəflərin iqtisadi dayanıqlığını ciddi sınaq qarşısında qoyur.
Beləliklə, Yaxın Şərqdə baş verən hadisələr təkcə regional münaqişə deyil. Bu proses həm də qlobal iqtisadi və geosiyasi sistem üçün yeni çağırışların formalaşdığını göstərir. Əgər qarşıdurma genişlənərsə, region yalnız hərbi gərginliyin deyil, həm də qlobal iqtisadi qeyri-müəyyənliyin əsas mərkəzlərindən birinə çevrilə bilər.
Elman İsmayıllı
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.