Futbol üzrə İspaniya La Liqasının sonuncu qalibi olan “Barselona” komandası 5 ildən sonra ilk dəfə bir hissədə qapısından 4 qol buraxıb.
Arena.az xəbər verir ki, bu, İspaniya Kral Kubokunun yarımfinal mərhələsi çərçivəsində ötən gecə Madriddə “Atetiko”ya qarşı keçirilmiş matçda baş verib.
Meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatan görüşdə bütün qollar ilk hissədə vurulub. Kataloniya klubu sonuncu dəfə bir hissə ərzində 4 qolu 2020-ci ildə UEFA Çempionlar Liqasında “Bayern”ə 2:8 hesabı ilə uduzduqları matçda buraxmışdı. Maraqlıdır ki, həmin vaxt Münhen təmsilçisini “Barselona”nın hazırkı baş məşqçisi Hansi Flik çalışdırırdı.
Bu nəticə həm də komandanın Flikin rəhbərliyi altında ən böyükhesablı məğlubiyyəti kimi tarixə düşüb. Eyni zamanda, bu, almaniyalı mütəxəssisin karyerasında 2005-ci ilin martından bəri aldığı ən ağır məğlubiyyətdir.
Xatırladaq ki, bu komandalar arasında yarımfinalın cavab görüşü martın əvvəlində Kataloniyada keçiriləcək. “Atletiko”nun belə bir üstünlüyü əldən verməsi elə də inandırıcı görünməsə də, “Barsa”nın revanş üçün çalışacağı da dəqiqdir.
