Xarici dövlət borcumuz 4,8 milyard dollara bərabərdir
2026-cı il yanvarın 1-i tarixinə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25,9 milyard manat təşkil etməklə ümumi daxili məhsulun (ÜDM) 20,1 faizinə bərabər olub. Bu müddətdə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4,8 milyard dollar və ya ÜDM-in 6,3 faizini təşkil edib. Daxili dövlət borcunun səviyyəsi isə 17,8 milyard manat və ya ÜDM-in 13,8 faizi səviyyəsinə bərabərdir.
Borcun azaldılması istiqamətində hökumətin yürütdüyü siyasət öz müsbət nəticəsini göstərməkdədir və son bir ildə borc öhdəlikləri üzrə ödənişlərin tam icrasına nail olunub. Belə ki, 2025-ci ilin dövlət büdcəsindən daxili borc üzrə 757 milyon manat, xarici borcu üzrə isə 1,4 milyard manata yaxın vəsait sərf olunub. Ümumilikdə borc üzrə ödənişlərin məbləği təqribən 2,1 milyard manat təşkil edib. Nəticədə, öhdəliklərin icrasından sonra dövlət borcuna xidmət xərclərində 300 milyon manat məbləğində qənaət formalaşdırılıb.
Borc portfelinin 85 faizi dollar valyutasındadır
Rəqəmlərdən də göründüyü kimi, Azərbaycanın xarici dövlət borcu davamlı olaraq azalmağa doğru fokuslanmaqla ÜDM-in ən aşağı həddinə endirilib. Son 8 ildə borcun 2 dəfəyə yaxın azaldılması dünya dövlətləri içərisində rast gəlinən nadir hallardan biridir. Müqayisə üçün xatırladaq ki, 2018-ci ildə xarici dövlət borcu 9 milyard dollar təşkil edirdi. Göründüyü kimi, müəyyən edilmiş strateji hədəflər çərçivəsində borcun həm nominal həcmi, həm də ÜDM-də nisbəti aşağı düşüb.
Azərbaycanın xarici borcunun faizlər üzrə strukturuna diqqət etdikdə, borc siyasətinin təmkinli və çevik idarəedilən kursa əsaslandığını görmək mümkündür. Belə ki, dəyişkən faiz dərəcəsi üzrə öhdəliklər xarici borc portfelinin 49,3 faizini, sabit dərəcə üzrə öhədliklər isə 50,7 faizini təşkil edir. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, qalan 6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun valyuta tərkibi isə aşağıdakı kimi təsnifləşdirilə bilər:
* Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları üzrə 3,4 faiz;
* ABŞ dolları ilə 85,1 faiz;
* Avro ilə 6,5 faiz;
* Yapon yeni ilə 3,3 faiz;
* Digər xarici valyutalar üzrə 1,7 faiz.
Azərbaycan hazırda xarici borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələr sırasında yer alır. Ölkəmizdə xarici borcun ÜDM-də payı 6,3 faiz olmaqla ümumdünya göstəricilərindən qat-qat aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir.
Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistan xarici borcun həcminə görə, bu bölgədə ən təhlükəli ölkələr sırasındadır, bu ölkənin xarici dövlət borcu 2025-ci ilin birinci yarısında 12,5 milyard dollar olmaqla ÜDM-in 54 faizini təşkil edir. Borcun adambaşına düşən nisbətinə görə də Azərbaycan ən qənaətbəxş vəziyyətə malikdir. Məsələn, Ermənistanda adambaşına düşən borcun həcmi 3,7 min dollar təşkil edir ki, bu da dünyada ən pis göstəricilərdən biridir. Borcun ÜDM-ə nisbətinə görə, Gürcüstanın da borc yükü Azərbaycana nisbətdə xeyli yüksəkdir. Bu ölkənin xarici borcunun ÜDM-ə nisbəti 43 fazidən yuxarıdır. Gürcüstanda adambaşına düşən borcun həcmi 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi 495 dollardır. Bütün bu amillər Azərbaycanın öz iqtisadi potensialı sayəsində xarici borcu tam bağlamağa imkan verir.
Strateji valyuta ehtiyatlarımız xarici borcu 18 dəfə üstələyir
Cənubi Qafqaz ölkələrində borcun strateji rezervlərin nisbətinə görə də Azərbaycan ən yaxşı mövqeyə malikdir. Ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 85 milyard dollar olmaqla borcu 18 dəfə üstələyir.
Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Çünki borcu qaytarma imkanları yaxşıdır. Bu baxımdan bu gün Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreditlər təklif edirlər. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq Böyük Qayıdışın sürətlə icra olunduğu şəraitdə öz iqtisadi məqsədləri üçün səmərəli borclanmaya getməyi də istisna etmir.
Daxili borc da azalır
Ötən il ərzində daxili dövlət borcunun da azalması müşahidə edilib. Belə ki, 2025-ci ilin əvvəli ilə müqayisədə borc məbləği təxminən 1,5 milyard manat azalıb ki, bu da faiz nisbəti ilə 8 faiz deməkdir. Daxili borc portfelinin 46,7 faizi dövlət qiymətli kağızlarının, 53,3 faizi isə 2023-cü ilin sonundan etibarən dövlət borcuna aid olan “Aqrarkredit” QSC-nin BOKT dövlət zəmanətli borcunun payına düşür. Borcun strukturumnda dövlət qiymətli kağızlarının 12,9 faizi 1 illik, 57 faizi 2 və 3 illik, 30,1 faizi isə 5 il və daha artıq müddətli olanlardır.
Hazırda dövlət şirkətlərinin Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş borcları təxminən 10 milyard manat və ÜDM-in 8,4 faizini təşkil edir. Azərbaycan Respublikası adından verilmiş zəmanətlər əsasən dövlət müəssisələri tərəfindən cəlb edilmiş borclardır. Borc strategiyasına əsasən, zəmanətli borclarda mühüm yer tutun istiqamətlər, o cümlədən “Azərbaycan İnvestisiya Holdinqi” və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” (AZCON) publik hüquqi şəxslərin idarəetməsinə verilmiş portfel şirkətlərin, o cümlədən dövlət zəmanəti ilə borc cəlb etmiş bir sıra dövlət müəssisələrinin korporativ fəaliyyətinin təmin edilməsi, onların gəlir və xərclərinə nəzarətin gücləndirilməsi və optimallaşdırma tədbirləri sayəsində addımlar atılır ki, bu da borcların geri qaytarılmasında mühüm rol oynayacaq.
E.CƏFƏRLİ