BAKI, 28 yanvar. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Məlumat yayıb.
Tərəflər Türkiyə-ABŞ münasibətlərini, Suriyadakı mövcud vəziyyəti və Qəzza üzrə Sülh Şurasının fəaliyyətini müzakirə ediblər.
Türkiyə liderinin administrasiyasının məlumatına görə, Ərdoğan Ankaranın Suriyada atəşkəs razılaşmasının tam icrasına və prosesin ABŞ və Suriya hakimiyyəti ilə koordinasiya şəraitində izlənilməsinə böyük önəm verdiyini bildirib. O, həmçinin Qəzza üzrə Sülh Şurasının səmərəli fəaliyyət göstərəcəyinə ümid etdiyini, Qəzzada humanitar fəlakətin aradan qaldırılmasının və şəhərin bərpasının regionda dayanıqlı sülhə yol açacağına inandığını vurğulayıb.
Telefon danışığında prezidentlər ticarət münasibətlərini, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığı da müzakirə ediblər. Ərdoğan qeyd edib ki, Türkiyə ABŞ ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atmağa davam edəcək və münasibətlərin bütün sahələrdə inkişafı hər iki ölkənin maraqlarına cavab verir.