“Şamaxı” komandası futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu dəfə böyük hesabla məğlubiyyətə üzülüb.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 17-ci turunda qeydə alınıb.
Ötən gün “Qəbələ”ni qəbul etmiş Şamaxı təmsilçisi 0:4 hesabı ilə uduzub. Bu, komandanın evdə 9-cu, ümumilikdə 30-cu böyükhesablı yenilgisi kimi tarixə düşüb.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşımış klubun ilk belə məğlubiyyəti 1999/2000-ci illər mövsümündə qeydə alınıb. 1999-cu il noyabrın 13-də “Şəmkir”in qonağı olmuş komanda 6 cavabsız qol buraxıb.
Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Premyer Liqanın cari mövsümündə keçirdiyi 17 oyunda 5 qələbə qazanıb, 5 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Əyalət təmsilçisi 20 xalla 12 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
