Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun köməkçiləri bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, baş məşqçinin fikizi hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tiflis “Dinamo”su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tiflis, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarda da işləyib.
Demçenkonun digər köməkçiləri isə Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaqlar.
Xatırladaq ki, Andrey Demçenko ötən gün “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Ukraynalı mütəxəssislə anlaşma 5 ay+1 il müddətini əhatə edir. O, bu postda bir müddət öncə istefaya göndərilmiş Elmar Baxşıyevi əvəz edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək. Komanda qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən 2-si məlumdur. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Bundan 5 gün sonra – yanvarın 14-də isə sınaqçı-rəqib “Qəbələ” olacaq. Yanvarın 18-də keçirilək matçdakı rəqib hələ məlum deyil.
