AZ

“Tramp tamamilə İsrailin, daha doğrusu Mossadın üsulu ilə hərəkət edir”

“Nə beynəlxalq məhkəmənin nə də BMT-nin qərarı olmadan ABŞ xüsusi xidmət orqanlarının Venesuela prezidentini yatdığı yerdən götürüb arvadı ilə birlikdə birbaşa ölkəsinə aparması digərləri üçün mənfi presedent yaradır. Bu addım siyasi yöndən əsaslandırılmağa çalışılsa da beynəlxalq hüquqa tam ziddir. Ancaq Beynəlxalq Cinayət Məhkəməsi "Qəzza zolağında müharibə cinayətləri ilə əlaqədar" İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsinə order verib. Əgər bu şəxslər də hansısa gücü yetən dövlət tərəfindən yatdığı yerdən götürülüb məhkəmənin sərəncamına verilsə, bu qanunidir və beynəlxalq hüquqa da uyğundur”.

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

Onun sözlərinə görə, lakin ABŞ-nin İraqın işğalı və Səddam Hüseynin edamı ilə başlayan təkqütblü dünya hegemonluğu, beynəlxalq hüququ çığnaması, BMT-ni oyuncağa çevirməsi orta əsr imperiyalarının xüsüsiyyətlərini, üsulunu bərpa etməkdən başqa şey deyil:

“ABŞ öz iddialarında haqlı ola bilər. Venesuela lideri narkotik ticarəti ilə məşğul olan diktator da ola bilər, amma onun hakimiyyətdən uzaqlaşdırılması üsulu heç bir hüquqa, heç bir əndazəyə sığmır. Bu, orta əsrlərdəki dəniz quldurluğu kimi bir şeydir. Bu, Rusiyanın da Ukrayna prezidenti Zelenskini yatdığı yerdən götürməsi üçün açılan cığır, verilən əsasdır.Prezidentin ABŞ-nin edam qüvvədə olan ştata aparıldığı deyilir. Görünür onu "mühakimə" edib edam edəcəklər. Daha vəsait xərcləyib İraq kimi bomba töküb vaxt itirməyəcəklər. Nə də Səddam Hüseyn kimi öz ölkəsində asıb etrirazlara səbəb olmayacaqlar. Sadəcə xüsusi xidmət orqanları gecə ilə gedib prezidenti götürəcək və ABŞ-nin edam hökmü qüvvədə olan ştatında da edam edəcəklər. Əcəb işdir, vallah”. 

O, deyib ki, Donald Tramp tamamilə İsrailin, daha doğrusu Mossadın üsulu ilə hərəkət edir:

“Açıqca da deyir ki, Venesuelanı biz idarə edəcəyik, neft elə getdi, pul belə gəldi. Daha əvvəlki kimi Əfqanıstanı, İraqı tutmaq üçün qoşa binaları Ben Ladenə vurdurmaq kimi işğal üçün əsaslar düzəltməyə də gərək lazım olmur. İraqda nüvə silahının olması kimi bəhanələr uydurmağa da ehtiyac duyulmur. Sadəcə açıqca deyilir ki, nefti, sərvəti mənə ver. Əgər imtina edilsə, gecə ilə prezidenti yatdığı yerdən götürür, müdafiə sistemini sıradan çıxarır, ölkəni ələ keçirir, vəssalam. Hələ 2003-cü ildə Səddam Hüseynin guya nüvə silahına sahib olduğunu dilə gətirib saxta sübutlar ortaya qoyan ABŞ-nin keçmiş dövlət katibi Kolin Pauellin qarşısında boynunu bükən BMT-nin baş katibi Kofi Annanın məzlum və çarəsiz görkəmi, aciz mövqeyi rəhbərlik etdiyi qurumun artıq Pentaqonun filialına çevrildiyini bariz şəkildə ortaya qoyurdu. Prezidentin başqa bir prezidenti beynəlxalq aləmi, hüququ nəzərə almadan yatdığı yerdən götüzdürüb ölkəsini ələ keçirdiyini elan etməsi, şəkil paylaşması əslində hədəflərə qarşı psixoloji təzyiq, açıq desək lotuluq nümayişidir. Beynəlxalq hüququn bu qədər hörmətdən salınması, ədalətin, qanunun tapdanması dünya üçün heç də müsbət gələcək vəd etmir. Rusiya Ukraynanın, Çin Tayvanın prezidentini oğurlayıb belə bir presedentin məhz ABŞ tərəfindən yaradıldığını əsas gətirsə, təəccüb doğurmamalıdır”.

Vasif ƏLİHÜSEYN

Seçilən
67
50
adalet.az

10Mənbələr