Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı barədə “Fox News” telekanalına açıqlama verib.
Donald Tramp bildirib ki, ABŞ Venesuelanın "siyasi perspektivləri ilə bağlı qərarlar qəbul edir və bundan sonra da bu prosesdə iştirak edəcək". Onun sözlərinə görə,Vaşinqton Venesuelanın neft sektorunda maraqlıdır.
Tramp həmçinin qeyd edib ki, bir həftə əvvəl Maduro ilə şəxsən danışıb və onu könüllü şəkildə təslim olmağa çağırıb:
“Maduroya dedim ki, təslim olmalısan. Sən təslim olmağa məcbursan. Şəxsən özüm onunla danışdım. O isə “yox” dedi.
Prezidentin iddiasına görə, Maduro və həyat yoldaşı Venesueladan helikopterlə çıxarılaraq gəmiyə mindirilib və həmin gəmi ilə Nyu-Yorka aparılıb.
ABŞ lideri Venesuelanın paytaxtına gecə zərbələri zamanı bir neçə hərbçinin yaralandığını, lakin ölənlərin olmadığını da bildirib. Onun sözlərinə görə, əməliyyat dörd gün əvvəl keçirilməli idi, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
“Hava mütləq uyğun olmalıdır. Şərait imkan vermədiyi üçün əməliyyatı təxirə saldıq. Qaldığı yer sanki, bir qala idi. Çox yüksək səviyyədə qorunurdu. Evinin qapıları poladdan idi. Evdə hər tərəfi möhkəm poladla əhatə olunmuş bir təhlükəsizlik sahəsi də var idi. O, ora daxil olmağa çalışdı, lakin son dərəcə sürətli müdaxiləmiz nəticəsində buna imkan tapmadı. Poladı kəsmək üçün xüsusi güclü qaz məşəllərimiz də vardı, lakin buna ehtiyac qalmadı",- ABŞ prezidenti deyib.
Bundan əlavə, Tramp Meksikadakı vəziyyətə də toxunaraq bildirib ki, baş nazir Şeynbaumaya kartellərin ləğv edilməsi təklifini verib, lakin bu təklif rədd edilib.
“Meksikanı onlar (narkobaronlar) idarə edirlər. Ona görə də nəsə etməliyik, çünki biz təxminən 300 min insan itirmişik. Bu böyük rəqəmdir. Biz bu insanları narkotiklərə görə itirmişik”, – deyə Tramp vurğulayıb.
Tramp hesab edir ki, Maduronun ələ keçirilməsindən sonra Çin Xalq Respublikası ilə də problem yaşanmayacaq, çünki Pekin “neft alacaq” .
Daha əvvəl ABŞ-ın baş prokuroru, Maduro və onun həyat yoldaşı Silia Floresə qarşı “narkoterrorizm”, silahvə narkotik qaçaqmalçılığı ittihamları irəli sürüldüyünü açıqlamışdı.
Öz növbəsində, Venesuelanın Xarici İşlər Nazirliyi ölkəsinin “bütün beynəlxalq platformalarda öz hüquqlarını müdafiə edəcəyini və bunun üçün mövcud olan bütün mexanizmləri işə salacağını” bəyan edib.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta