Güclü külək Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsi, 25 ünvanında yerləşən çoxmərtəbəli binanın damını uçurub.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, hadisədən bir neçə gün keçə də, problemin həlli üçün heç bir addım atılmayıb.
Xezerxeber.az-ın məlumatına görə, bayram günü, səhərə yaxın güclü külək beşmərtəbəli binanın dam örtüyünü qopararaq həyətə aşırıb.
Damın metal və digər örtük hissələri avtomobillərin üzərinə dağılıb. Binada yaşayan sakinlər deyirlər ki, təhlükə hələ də aradan qalxmayıb.
Sakinlərin sözlərinə görə, bina 1987-ci ildə dəmiryolçular üçün tikilib. Daha sonra korporativ mülkiyyətə çevrilib. Sonradan isə yerli icra hakimiyyətinin balansına verildiyi bildirilir. Hazırda damın qalan hissəsi də ciddi risk yaradır. Güclü külək davam edərsə, örtüyün digər hissələrinin də uçma ehtimalı var.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsək də, bayram günü olduğu üçün sorğumuza cavab verilmədi. Sakinlər isə təhlükəli vəziyyətin tez bir zamanda aradan qaldırılmasını istəyirlər. Hazırda əraziyə giriş-çıxış məhdudlaşdırılmayıb və təhlükə qalmaqdadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.