Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandası (U-16) 2026-cı ilin aprel ayında UEFA İnkişaf Turnirində mübarizə aparacaq.
Arena.az bu barədə Rusiyanın “Sport-Ekspress” nəşrinə istinadən məlumat verir.
Sözügedən nəşrə müsahibə verən Rusiya Futbol İttifaqının (RFU) baş katibi Maksim Mitrofanov 2026-cı ilin aprel ayında Qazaxıstanda UEFA tərəfindən ənənəvi İnkişaf Turnirinin keçiriləcəyini açıqlayıb. Hazırda UEFA yarışın iştirakçı heyətini təsdiqləmək mərhələsindədir.
Mitrofanovun sözlərinə görə, 16 yaşadək oğlanlardan ibarət milli komandalar arasında UEFA İnkişaf Turniri 2026-cı ilin aprelində Qazaxıstanda baş tutacaq. Həmin turnirdə Qazaxıstan, Rusiya, Azərbaycanın U-16 yığmalarının iştirak edəcəyi dəqiqləşib. Turnirə daha bir komandanın qatılması nəzərdə tutulub. Amma hələ dördüncü iştirakçının kim olacağı müəyyənləşməyib. Böyük ehtimalla həmin komanda da yaxın və qonşu ölkələrdən birinin təmsilçisi olacaq.
