Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Karvan” komandasının qış təlim-məşq toplanışının detalları bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, komanda yanvarın 3-də Yevlaxda toplaşacaq. Bölgə təmsilçisinin toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib.
Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda “Kəpəz”lə üz-üzə gələcək. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
Xatırladaq ki, “Karvan” 2026-ci ildə ilk rəsmi oyununu Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah”a qarşı keçirəcək.
Yevlax təmsilçisi mövsümün geridə qalmış hissəsində 16 oyun keçirib, 1 qələbə, 3 heç-heçə və 12 məğlubiyyət görüb. Cəmi 6 xalı olan komanda yarış cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb.
