ABŞ Prezidenti Donald Trampın Nobel mükafatına layiq görülməməsi Amerikanın bəzi dairələrində tənqidlərə səbəb olub.
Modern.az-ın məlumatına görə, Nobel Komitəsinin qərarı beynəlxalq səviyyədə alqışlansa da, Trampın tərəfdarları bu seçimi “siyasi motivli” adlandırıblar.
Qeyd edək ki, Norveç Nobel Komitəsi 2025-ci il Sülh Mükafatını Venesuelanın müxalifət lideri Mariya Korina Maçadoya təqdim edib. Komitə bu qərarı onun “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və ölkədə diktaturadan demokratiyaya dinc keçid uğrunda mübarizəsi” ilə əsaslandırıb.
Bu il Nobel Sülh Mükafatına 388 şəxs və təşkilat namizəd göstərilib, onların arasında Tramp da olub.
Donald Tramp ötən gün jurnalistlərin Nobel Mükafatı ilə bağlı sualına belə cavab verib: “Nə qərar verəcəklərini bilmirəm. Amma bir şeyi dəqiq bilirəm: heç kim doqquz ayda səkkiz müharibəni dayandırmayıb. Mən dayandırdım və onların ən böyüyü Qəzza müharibəsidir.”
Mənbələr bildirir ki, Nobel Komitəsinin qərarı Amerikanın sərt reaksiyasına səbəb ola bilər. "The Daily Telegraph yazır ki", Tramp Norveç hökumətinə qarşı ticarət rüsumlarını artırmaq və enerji alışını məhdudlaşdırmaq imkanını nəzərdən keçirir. Mənbənin məlumatına görə, Ağ Ev rəhbəri “özünü ədalətsiz qərarın qurbanı” hesab edir və tez-tez “onu məyus edənləri cəzalandırmaqla” tanınır.