1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Süni intellekt və böyük verilənlər yeni anlayışlar deyil, onilliklərdir ki, mövcuddur. Çox vaxt eşidirik ki, süni intellekt fərdiləşdirməni tamamilə dəyişəcək. Amma əslində, müəllimlər, professorlar və pedaqoqlar tədrisi həmişə fərdiləşdiriblər. Sadəcə, indi süni intellekt bizə bunu daha geniş miqyasda, daha sürətli və daha ağıllı şəkildə həyata keçirməyə imkan verir".
Oxu.Az xəbər verir ki, bunu Kembric Universitetinin Mətbuat və Qiymətləndirmə qurumunda ilk iqlim təhsili rəhbəri Kristin Özden Bakıda keçirilən "THE Avrasiya Universitetləri Sammiti"ndə "Avrasiya boyu ali təhsildə rəqəmsal keçidin naviqasiyası" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, xüsusilə transformativ görünən cəhət ondan ibarətdir ki, süni intellekt əlçatanlıq və inklüzivlik baxımından böyük imkanlar yaradır:
"Məsələn, nitqdən-mətnə çevirmə və real vaxt altyazılar artıq daha dəqiq və daha əlçatan olub. Bu, həqiqətən, vacib yenilikdir.
Həmçinin adaptiv platformalar tələbələr və xüsusi ehtiyacı olan öyrənənlər üçün daha keyfiyyətli məzmun yaratmaq imkanı verir. Mənim çox bəyəndiyim digər bir imkan isə süni intellektin kurikulumu qərəz və təmsilçilik baxımından təhlil edə bilməsidir. Bu, həqiqətən, çox faydalıdır".
Kristin Özden kağız üzərində böyük verilənlərin süni intellekt tərəfindən necə istifadə olunması barədə də danışıb:
"Əlbəttə, biz texnologiyanı tədrisə inteqrasiya edirik, amma bunu tənqidi yanaşma ilə edirik. Mən bunu geniş mənada işlədərək demək istəyirəm: biz texnologiyanı tətbiq etməzdən əvvəl universitetin öz missiyasını, öz ekspertizasını, pedaqoji yanaşmasını, qiymətləndirmə metodlarını və kurikulumu önə qoyuruq. Texnologiya bütün bunları gücləndirmək üçün vasitə olmalıdır. Ən əsası isə biz təhsil icmamızı süni intellektlə zəngin və yüksək texnoloji bir dünya üçün hazırlamalıyıq".
Aygün Mirakif