Sentyabr 23-də Bakıda Səudiyyə Ərəbistanı Krallığının 95-ci Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli iki ölkə arasındakı münasibətlərin tarixinin 1991-ci ildən başladığını xatırladıb: “Yüksəksəviyyəli qarşılıqlı səfərlərin baş tutması fonunda hazırda müxtəlif sahələrdə əhəmiyyətli inkişaf müşahidə olunur. Hazırda biz Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurası vasitəsilə ticarət və investisiya mübadiləsinin həcminin artırılması üzərində çalışırıq. İki ölkənin ticarət və investisiya mübadiləsinin həcmini qısa müddət ərzində iki dəfə artıracaq bir çox ortaq imkanları var.
Öz səriştə və bacarıqlarını sübut etmiş savadlı səudiyyəli gənclərimizin səyləri nəticəsində Krallığın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər bütün dünyanı heyrətə gətirib. Səudiyyə Ərəbistanının "Vision 2030" layihəsinin, sadəcə, bir xəyal deyil, hər gün reallaşan və planlaşdırılandan daha sürətli irəliləyən bir gerçəklik olması sübuta yetirilib. Bu gün onlar iqlim dəyişikliyindən irəli gələn çağırışları nəzərə almaqla ətraf mühiti qoruyaraq, turizm, iqtisadiyyat və sənaye daxil olmaqla, bütün sahələrdə davamlı inkişaf yolu ilə iqtisadi islahatlar və hərtərəfli intibah dövrünə rəhbərlik edirlər. Bunun məntiqi nəticəsi olaraq, Əlahəzrət Vəliəhd tərəfindən Krallıq daxilində 10 milyard ağac əkməyi hədəfləyən Yaşıl Səudiyyə Təşəbbüsü və 50 milyard ağac əkməyi hədəfləyən Yaşıl Yaxın Şərq Təşəbbüsü də başladılıb.
Səudiyyə Ərəbistanının mühüm və beynəlxalq miqyasda nüfuz sahibinə malik bir ölkə olduğunu bildirən səfir deyib: "O, G20-nin üzvüdür və özünün "Vision 2030" layihəsinin həyata keçirilməsinə nail olmaq üçün ambisiyalı hədəflərə malikdir. Bəlkə də bizi fərqləndirən üstün cəhətimiz Krallıqda ərəb və İslam dünyasının prinsip və ərkanları qoruyub saxlamaqla beynəlxalq müstəvidə hökm sürən yeniliklərlə ayaqlaşmaq və resurslarımızdan Səudiyyə Ərəbistanı vətəndaşlarının tərəqqi və rifahı naminə istifadə etməkdir.
Fürsətdən istifadə edərək, Prezident İlham Əliyevə səmimi qəlbdən xoşbəxtlik və möhkəm cansağlığı və qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha çox inkişaf və firavanlıq arzulayıram".
Tədbirdə çıxış edən Baş nazirin müavini Samir Şərifov Azərbaycanın Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi önəm verdiyini, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdə olduğunu diqqətə çatdırıb.
“Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və krallığın vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun səyləri nəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir. Həmin çərçivədə Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin yaratdığı iqtisadi əməkdaşlıq üzrə müştərək komissiya ölkələrimiz arasında siyasi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır. Birgə iqtisadi komissiyasının iclasları və siyasi məsləhətləşmələr ikitərəfli münasibətləri nəzərdən keçirmək və inkişaf etdirmək üçün olduqca effektiv mexanizmlərdir. Bu xüsusda bu il aprelin 28-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilmiş müştərək komissiyanın 8-ci iclasının uğurlu təşkilinə və Azərbaycan Respublikasının Hökumət nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı hökumətinə bir daha dərin təşəkkürümü bildirirəm.
Ümid edirik ki, komissiyasının iclasının yekunlarına dair imzalanmış protokol, eləcə də ikitərəfli əməkdaşlıq sənədləri münasibətlərin inkişafına öz töhfəsini verəcək. Dünən Bakıda işə başlamış Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Səudiyyə Ərəbistanından böyük nümayəndə heyətinin iştirak etməsi ikitərəfli əməkdaşlığın inkişafında hər iki dövlətin maraqlı olduqlarının daha bir nümunəsidir.
Səudiyyə Ərəbistanı Krallığının 95 illiyi münasibətilə qardaş ölkə xalqına daim əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram. Ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq və faydalı əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminliyimi bildirirəm", - deyə S.Şərifov bildirib.
Çıxışlardan sonra mərasim ziyafətlə davam edib.