AZ

“Səudiyyə Ərəbistanı iddialı hədəflərə malikdir” - SƏFİR

Yazını böyüt
Yazını kiçilt

Bu gün Səudiyyə Ərəbistanı Krallığının birləşməsinin 95-ci ildönümü münasibətilə Krallığın ölkəmizdəki səfirliyi tərəfindən rəsmi qəbul keçirilib.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmilərinin, diplomatic korpusun, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri cənab İssam bin Saleh əl-Cuteyli çıxış edərək bildirib ki, bu anlarda dil, duyğuları təsvir etməkdə aciz qalır, çünki vətən sevgisi, deyilən sözlərdə və ya ifadələrdə deyil, müdrik rəhbərlik - Allah hifz etsin! – və vətəndaş arasında paylaşılan sonsuz hiss və ətadır.

“Öz səriştə və bacarıqlarını sübut etmiş savadlı səudiyyəli gənclərimizin səyləri nəticəsində Krallığın müxtəlif sahələrdə əldə etdiyi naliyyətlər, bütün dünyanı heyrətə gətirərək,  Səudiyyə Ərəbistanının “Hədəf 2030” layihəsinin sadəcə xəyal deyil, hər gün reallaşan və planlaşdırılandan daha sürətli irəliləyən bir gerçəklik olması sübuta yetirilib. Bu gün onlar iqlim dəyişikliyindən irəli gələn çağırışları nəzərə almaqla ətraf mühiti qoruyaraq, turizm, iqtisadiyyat və sənaye daxil olmaqla, bütün sahələrdə davamlı inkişaf yolu ilə iqtisadi islahatlar və hərtərəfli intibah dövrünə rəhbərlik edirlər. Bunun məntiqi nəticəsi olaraq, Əlahəzrət Vəliəhd tərəfindən Krallıq daxilində 10 milyard ağac əkməyi hədəfləyən Yaşıl Səudiyyə Təşəbbüsü və 50 milyard ağac əkməyi hədəfləyən Yaşıl Yaxın Şərq Təşəbbüsü də başladılıb”, - səfir bildirib.

Diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı mühüm və beynəlxalq miqyasda nüfuz sahibi olan bir ölkədir. O, bildirib ki, ölkəsi G20-nin üzvüdür və özünün “Hədəf 2030” layihəsinin həyata keçirilməsinə nail olmaq üçün iddialı hədəflərə malikdir: “Bəlkə də, bizi fərqləndirən üstün cəhətimiz Krallıqda ərəb və islam dünyasının prinsip və ərkanları qoruyub saxlamaqla beynəlxalq müstəvidə hökm sürən yeniliklərlə ayaqlaşmaq və resurslarımızdan Səudiyyə Ərəbistanı vətəndaşılarının tərəqqi və rifahı  naminə istifadə etməkdir. İslam dünyasına və müsəlmanlara xidmət etmək üçün Səudiyyə Ərəbistanı Krallığı İki Müqəddəs Məscidə və müqəddəs məkanlara böyük diqqət və qayğı göstərir, müdrik rəhbərliyimizin əsas sütunu hesab edilən bu missiya böyük şərəfdir və biz onu yerinə yetirməkdən qürur duyuruq”.

Ölkələrimiz arasında əlaqələrə toxunan diplomat Səudiyyə Ərəbistanı  ilə Azərbaycan arasındakı münasibətlərin tarixi 1991-ci ildən başladığını xatırladıb. Qeyd edib ki, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutması fonunda hazırda müxtəlif sahələrdə əhəmiyyətli inkişaf müşahidə olunur: “Hazırda Səudiyyə Ərəbistanı - Azərbaycan Birgə İşgüzar Şurası vasitəsilə ticarət və investisiya mübadiləsinin həcminin artırılması üzərində çalışırıq. İki ölkənin ticarət və investisiya mübadiləsinin həcmini qısa bir müddət ərzində iki dəfə artıracaq bir çox ortaq imkanları mövcuddur”.

Azərbaycan hökuməti adından Səudiyyə hökuməti və xalqını bayram münasibətilə təbrik edən Baş nazirin müavini Samir Şərifov deyib ki, Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi önəm verir. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir.

“Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əl-Səud və krallığın vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səudun səyləri nəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir. Həmin çərçivədə Azərbaycan və Səudiyyə hökumətlərinin yaratdığı iqtisadi əməkdaşlıq üzrə müştərək komissiya ölkələrimiz arasında siyasi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır. Birgə iqtisadi komissiyasının iclasları və siyasi məsləhətləşmələr ikitərəfli münasibətləri nəzərdən keçirmək və inkişaf etdirmək üçün olduqca effektiv mexanizmlərdir. Bu xüsusda bu il aprelin 28-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilmiş müştərək komissiyanın 8-ci iclasının uğurlu təşkilinə və Azərbaycanın hökumət nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı hökumətinə bir daha dərin təşəkkürümü bildirirəm”,- nazir Şərifov deyib.

Samir Şərifov ümidvar olduğunu qeyd edib ki, komissiya iclasının yekunlarına dair imzalanmış protokol, eləcə də ikitərəfli əməkdaşlıq sənədləri münasibətlərin inkişafına öz töhfəsini verəcək. “Dünən Bakıda işə başlamış Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Səudiyyə Ərəbistanından böyük nümayəndə heyətinin iştirak etməsi ikitərəfli əməkdaşlığın inkişafında hər iki dövlətin maraqlı olduqlarının daha bir nümunəsidir”, - nazir fikrini yekunlaşdırıb.

Bayram tədbiri qeyri-rəsmi hissə ilə davam edib.

Seçilən
17
8
hafta.az

10Mənbələr