AZ

Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi önəm verir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi önəm verir. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir.

Hafta.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının 95-ci Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda və krallığın vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudin səyləri nəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir. Həmin çərçivədə Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin yaratdığı iqtisadi əməkdaşlıq üzrə müştərək komissiya ölkələrimiz arasında siyasi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır. Birgə iqtisadi komissiyasının iclasları və siyasi məsləhətləşmələr ikitərəfli münasibətləri nəzərdən keçirmək və inkişaf etdirmək üçün olduqca effektiv mexanizmlərdir. Bu xüsusda bu il aprelin 28-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilmiş müştərək komissiyanın 8-ci iclasının uğurlu təşkilinə və Azərbaycan Respublikasının Hökumət nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı hökumətinə bir daha dərin təşəkkürümü bildirirəm.

Ümid edirik ki, komissiyasının iclasının yekunlarına dair imzalanmış protokol, eləcə də ikitərəfli əməkdaşlıq sənədləri münasibətlərin inkişafına öz töhfəsini verəcək. Dünən Bakıda işə başlamış Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Səudiyyə Ərəbistanından böyük nümayəndə heyətinin iştirak etməsi ikitərəfli əməkdaşlığın inkişafında hər iki dövlətin maraqlı olduqlarının daha bir nümunəsidir.

Səudiyyə Ərəbistanı Krallığının 95 illiyi münasibətilə qardaş ölkə xalqına daim əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram. Ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq və faydalı əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminliyimi bildirirəm", - deyə S.Şərifov bildirib.

Seçilən
18
6
hafta.az

9Mənbələr