AZ

Sülh Sazişi mətninin paraflanması mühüm hüquqi addımdır » AzadMedia.az


Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru


Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll edildikdən sonra Azərbaycan regionda təhlükəsizlik rejiminin formalaşması üçün öz mövqeyini ortaya qoydu və qalib dövlət olmasına rəğmən, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə əsaslanaraq böyük sülh sazişinin bağlanması təklifini irəli sürdü. Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqe tutaraq, saziş layihəsinə Qarabağla əlaqədar məsələni daxil etmək istəyirdi, ancaq Azərbaycan tərəfinin qəti mövqeyi ondan ibarət idi ki, bu bizim daxili işimizdir və heç bir halda dövlətlərararası müqavilənin predmeti ola bilməz. Yalnız 2023-cü ilin lokal anti-terror əməliyyatından sonra Ermənistan bu yanaşma ilə razılaşmalı oldu və ikitərflı Sazişin müddəalarına dair razılıq əldə edildi.
Tarixi əhəmiyyətli növbəti mühüm addım Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin cari ilin 8 avqustunda Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması olmuşdur. Bəyannamənin 1-ci maddəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən ABŞ Prezidentinin iştirakı ilə paraflanmışdır və eyni zamanda, Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin vacibliyi, iki dövlət arasında sülhün təmin edilməsinin və gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Nəzərə almaq lazımdır ki, paraflanma beynəlxalq hüquqi termindir və onun tövsifini vermək üçün “Müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasına müraciət etmək lazımdır. Azərbaycan Respublikası həmin Konvensiyaya 2 oktyabr 2017-ci il tarixində qoşulmuşdir.
Xatırlatmaq lazımdır ki, Konvensiyanın 12-ci maddəsi “İmzalama yolu ilə müqavilənin məcburiliyinə razılıq” adlanır və həmin maddənin 2-ci hissəsində ağaşıdakılar nəzərdə tutulur:
birincisi, danışıqlarda iştirak edən dövlətlərin bu cür razılığa gəldiyi müəyyən olunduğu təqdirdə, mətnin paraflanması müqavilənin imzalanması hesab olunur;
ikincisi, dövlətin nümayəndəsi tərəfindən müqavilənin ad referendum imzalanması həmin dövlət tərəfindən təsdiq edildiyi təqdirdə, müqavilənin yekun imzalanması hesab olunur. Latın termini olan ad referendum, yəni təsdiq olunana qədər, təsdiq olunma şərti ilə anlamına gəlir və ad referendum imzalanma dövlətin təmsilçisi tərəfindən beynəlxaql müqavilənin şərti imzalanmasıdır.
Beynəlxalq müqavillələr hüququnda paraflanma həmçinin müqavilənin mətninin razılaşdırılması və onun yekun xarakteri daşımasını təsdiq edən müvafiq səlahiyyətli şəxslər tərəfindən ilkin imzalanması prosedurudur. Paraflanma bir çox hallarda beynəlxalq müqavilə mətninin autentikliyini, yəni rəsmi dövlət dilində olan mətnlərin eyniliyini də təsdiq edir. Bu prosedur əsasən danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətnin artıq imzalanmağa hazır olduğunu təsdiqləyir.
Birmənalı olaraq qeyd edilməlidir ki, Vaşinqtonda paraflanan saziş Cənubi Qafqaz regionuna uzunmüddətli sülh gətirir. Təəssüf ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı açıq-aşkar ərazi iddialarının yer alması sazişin yekun imzalanmasına və onun parlamentlər tərəfindən ratifikasiya olunmasına imkan vermədi, ancaq bu hüquqi maneə aradan qaldırıldıqdan sonra sülh sazişi istənilən vaxt imzalana bilər. Əgər Ermənistanın həqiqi niyyəti bölgədə sülhün bərqərar olunmasıdırsa, təxirə salınmadan Konstitusiyasında müvafiq dəyişikliləri etməlidir.

Seçilən
61
28
azadmedia.az

10Mənbələr