AZ

Birgə Bəyannamə Azərbaycanın diplomatik tarixinin ən mühüm sənədlərindəndir » AzadMedia.az


Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin cari ilin 8 avqustunda Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzaladıqları Birgə Bəyannamə dövlətimizin iştirakçısı olduğu beynəlxalq-hüquq aktları sırasında xüsusi yeri tutur. İlk növbədə qeyd etmək lazımdır ki, bu tarixi hadisə bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ardıcıl formada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən milli təhlükəsizlik və xarici siyasət doktrinasının məntiqi nəticəsidir. Ən mürəkkəb geosiyasi durumda belə bir əhəmiyyətli hüquqi və diplomatik Zəfərin əldə edilməsi Azərbaycanın beynəlxalq siyasətinin parlaq səhifəsidir.
Dövlət Başçısının bu mühüm sənədə imza atması əsrlərdən bəri davam edən və həll olunması fövqalədə xarakterli maneələrlə üzləşən problemin de jure və de facto sonuclanmasından xəbər verir. Keçmiş tarixə detallı şəkildə varmadan qeyd etmək lazımdır ki, Birgə Bəyannamənin mühüm siyası və hüquqi əhəmiyyəti var. İlk növbədə, Bəyannamə “Müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasına uyğun olaraq, beynəlxalq müqavilələr, konvensiyalar, sazişlərlə yanaşı beynəlxalq razılaşmaların bir növüdür və beynəlxalq hüquqi öhdəliklərlər yaradan sənəddir. Bu hüquqi aktın müstəsna əhəmiyyəti ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqları nəzərə alır və yeni müharibə riskini minimuma endirir. Bu mənada Bəyannamənin 5-ci bəndi beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq olunmasının yolverilməzliyini, iki dövlətin qonşuluq münasibətlərinin qurulmasına başlaması, yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq iki dövlət arasında düşmənçilik səhifəsinin bağlanması, hazırda və gələcəkdə hər hansı bir qisas cəhdinin qətiyyətlə rədd edilməsi və istisna edilməsini nəzərdə tutur.
Burada çox maraqlı bir faktı xatırlatmaq yerinə düşər. İkinci dünya müharibəsindən bitdikdən yalnız 10 il sonra 25 yanvar 1955-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Sovet İttifaqı və Almaniya arasında müharibə vəziyyətinin ləğv edilməsi haqqında” Fərman qəbul edərək, hüquqi cəhətdən müharibənin mövcud olmamamsını təsdiq etdi. Azərbaycan Qarabağda local antiterror əməliyyatları keçirdikdən sadəcə 17 aydan sonra tarixi əhəmiyyətli Birgə Bəyannamənin qəbul edilməsinə nail oldu. Bu sənədin müddəaları Cənubi Qafqaz regionunda davamlı sülhün bə beynəlxalq təhlükəsizliyin əldə edilməsi üçün Azərbaycan Respublikası tərəfindən irəli sürülən və qələcək sülh müqaviləsinin bünövrəsini təşkil edən beynəlxalq hüquq prinsiplərinin təntənəsidir.
Seçilən
79
25
azadmedia.az

10Mənbələr