AZ

Bakı -Vaşinqton münasibətlərində yeni səhifə açıldı - ŞƏRH

Aydın Mirzəzadə: “Azərbaycan sülh prosesində qlobal liderlik nümayiş etdirdi”

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində avqustun 8-də Ağ Evdə keçirdiyi görüşlər Azərbaycanın diplomatiya tarixində tarixi dönüş nöqtəsi kimi yadda qaldı. Bu səfər Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə yüksəldib və Ermənistan-Azərbaycan sülh gündəliyinin konkret nəticələrə doğru irəliləməsinə ciddi təkan verib. 

Əvvəlcə qeyd edək ki, Azərbaycan həmişə ABŞ ilə qarşılıqlı fayda və hörmətə əsaslanan münasibətlərin inkişafında maraqlı olub. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin ABŞ-yə rəsmi səfəri ilə əsası qoyulmuş məzmunlu tərəfdaşlıq çərçivəsində ötən onilliklər ərzində xeyli uğurlar əldə edilib. Təəssüf ki, C.Baydenin prezidentliyi dövründə ABŞ administrasiyasının qeyri-rasional addımları nəticəsində ikitərəfli münasibətlərimiz xeyli zərər görmüşdü. 2024-cü ildə Donald Trampın yenidən prezident seçilməsi iki ölkə arasında münasibətləri qaydaya salmaq üçün imkan yaratdı. Donald Trampın prezident kimi vəzifələrinin icrasına başladığı cari ilin yanvar ayından bəri keçən qısa müddət ərzində iki ölkə rəhbərliyinin tapşırığı ilə davamlı təmaslar həyata keçirildi və yüksək səviyyəli siyasi dialoq üçün zəmin hazırlandı. Prezident Donald Trampın Prezident İlham Əliyevi Ağ Evə dəvət etməsi və iki ölkə prezidentləri arasında aparılmış məzmunlu danışıqlar etimad mühitini bərpa etdi və əlaqələri strateji tərəfdaşlıq müstəvisinə qaytardı. Həmin görüş zamanı imzalanmış Anlaşma Memorandumu gələcək strateji əlaqələr üçün möhkəm hüquqi-siyasi baza yaradır. Bundan əlavə, Prezident Trampın “Azadlığı Dəstəkləmə Aktına” 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalaması ikitərəfli münasibətlərdə olmuş ən xoşagəlməz amillərdən birini aradan qaldırır. Bütün bu addımlar iki ölkə arasında ticarət, nəqliyyat, müdafiə, təhlükəsizlik, yeni texnologiyalar, süni intellekt daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə praktik əməkdaşlıq üçün möhkəm əsaslar yaradır. Vaşinqton səfəri Ermənistan-Azərbaycan sülh prosesi baxımından da mühüm irəliləyiş gətirib. Səfər zamanı Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında Birgə Bəyannamə imzalandı. ABŞ prezidentinin şahid kimi imzaladığı bu sənəddə sülhün bərqərar edilməsi məqsədinə sadiqlik ifadə olunur, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının qurulmasına şərait yaratmaq öhdəliyi Ermənistan tərəfindən qəbul edilir. Bundan başqa, iki ölkə xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə müraciət imzaladılar. Minsk qrupunun ləğvi isə sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biridir. Səfər zamanı, həmçinin iki ölkənin xarici işlər nazirləri sülh sazişinin mətnini parafladı, yəni üzərində danışıqlar başa çatmış mətnin həqiqiliyini təsbit etdilər. Sazişin paraflanması onun imzalanması istiqamətində əhəmiyyətli addımdır. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistanın yerinə yetirməli ev tapşırıqları hələ qalmaqdadır. Söhbət sülh sazişinin imzalanması üçün Azərbaycanın digər şərtinin yerinə yetirilməsi - Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından gedir. Qeyd edək ki, Birgə Bəyannamədə sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməli olması barədə müddəa məhz Ermənistanın konstitusiya dəyişikliyinə aiddir. 
 
Millət vəkili Aydın Mirzəzadə  Sherg.az-a deyib ki, Vaşinqton görüşü və orada əldə olunan anlaşmalar çox mühüm hadisədir. Deputat vurğulayıb ki, dünyanı narahat edən, Cənubi Qafqazın inkişafına mane olan münaqişəyə məhz Azərbaycanın səyi nəticəsində son qoyuldu: 


"Eyni zamanda beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın sonrakı addımları sülh müqaviləsinin mətninin hazırlanmasına gətirib çıxartdı. Ancaq müəyyən məsələlər var idi ki, onlarla bağlı Ermənistan hələ də razılığa gəlməmişdi. Vaşinqtondakı görüş və ABŞ prezidentinin bu məsələyə müdaxiləsi prosesin məntiqli sonluğa çatdırmağa kömək etdi. Zəngəzur dəhlizinin açılması birmənalı qəbul edildi. Tərəflər bir-birinə qarşı iddialardan əl çəkirlər, Minsk qrupu buraxılır. Bütün bunların hamısı Azərbaycan rəhbərliyinin apardığı uzaqgörən siyasət nəticəsində mümkün oldu. Eyni zamanda Vaşinqton görüşündə Azərbaycan və ABŞ arasında Bayden administrasiyası dövründə pozulmuş münasibətlər yenidən bərpa edildi. 907-ci düzəliş ləğv edildi, hərbi əməkdaşlıq davam etdirildi və s. Dünya bir narahatlıqdan xilas oldu. Bu təcrübə göstərdi ki, həm dövlətin öz suverenliyini, müstəqilliyini qorumaq qabiliyyəti, həm də beynəlxalq birliyin məsələni qızışdırmaq yox, sülhlə həll etmək istəyi istənilən məsələni sona çatdıra bilər". 

Parlamentari əlavə edib ki, ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması ilə bağlı işçi qrupunun yaradılması çox önəmlidir: 

"Bu, çox ciddi məsələdir. ABŞ faktiki olaraq Azərbaycanı indidən özünün strateji müttəfiqi elan edib. Bu, təkcə diplomatik deyil, bir çox məsələləri əhatə edəcək. Hərbi-texniki əməkdaşlıq olacaq. Beynəlxalq aləmdə birgə addımlar atılacaq. İnvestisiyalara geniş yol açılacaq. Xatırladım ki, Vaşinqtonda həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ-nin "Exxonmobil" şirkəti arasında əməkdaşlıq barədə müqavilə imzalandı. "Exxonmobil" şirkəti dünyanın aparıcı neft şirkətlərindən biridir və Azərbaycanla imzalanan sazişin perspektivi böyükdür". 




Seçilən
7
5
sherg.az

10Mənbələr