Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Bakı və İrəvan arasında sülh sazişinin layihəsi paraflanıb.
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” adlandırılan layihənin mətni artıq tam razılaşdırılıb. Preambula və 17 maddədən ibarət saziş layihəsini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan paraflayıblar.
İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında tam və yekun olaraq razılaşdırıldığını təsdiq edir.
Moderator.az-a danışan uzun illər diplomatik xidmətdə çalışmış, millət vəkili Rizvan Nəbiyev bildirib ki, paraflamaq əsasən müqavilə hüququ sahəsində işlədilən terminologiyadır.
Millət vəkili qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sözügedən sazişi xarici işlər nazirləri paraflamaqla bu beynəlxalq müqavilə mətninin tərəflər üçün bərabər autentik (yəni eyni bərabər) olmasını müəyyən ediblər:
“Digər tərəfdən bu beynəlxalq müqavilənin mətninin tam razılaşdırıldığını təsdiq etdilər, başqa sözlə onun mətninə dair danışıqların başa çatdığını və hər hansı müddəanın dəyişdirilməyəcəyini bəyan etdilər. Eyni zamanda sazişi paraflamaqla növbəti mərhələ, imzalama üçün hazır olduğunu təsdiqlədilər.
Texniki baxımdan paraflamaq, razılaşdırılmış müqavilə mətninin müvafiq səlahiyyətli nümayəndələr tərəfindən imzalanmadan əvvəl ilkin razılıq əlaməti olaraq paraflanması, yəni mətnin hər bir səhifəsinə öz ad və soyadlarının baş hərflərini və ya qısa imza formasını qoyması deməkdir.
Razılaşdırılmış beynəlxalq müqavilələrin mətninin yəni müqavilə layihəsinin paraflanması məsələsi Müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 10-cu maddəsində öz əksini tapmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası da bu Konvensiyaya 2017-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunduqdan və müvafiq dövlətdaxili prosedurlar tamamlandıqdan sonra qoşulmuşdur.
Beynəlxalq müqavilələrin, eləcə də beynəlxalq müqavilə hesab olunmayan digər sənədlərin və ya siyasi xarakterli razılaşmaların paraflanması praktikası – istər ikitərəfli, istərsə də çoxtərəfli formatda razılaşdırılmış sənədlərə münasibətdə – həm beynəlxalq praktikada, həm də Azərbaycan Respublikasının müqavilələr hüququ təcrübəsində tətbiq olunur”.
Millət vəkili onu da əlavə edib ki, beynəlxalq müqavilələrin imzalanması, sonrakı mərhələlərdə ratifikasiyası və dövlət başçısı tərəfindən təsdiqi müqavilənin hüquqi baxımından öhdəlik yaradan mərhələsinin yekunlaşmasıdır:
“Belə ki, dövlət başçısı sözügedən Sazişi imzalayır. İmzalanmadan sonra müqavilə ratifikasiya edilir, ratifikasiya sənədlərinin mübadiləsindən sonra dövlətdaxili prosedurlar tamamlanmış olur. Bununla da sözügedən Saziş qüvvəyə minir. Sazişin hüquqi məcburi qüvvəyə minməsi, yəni həyata keçirilmə üçün hazır olması yalnız Azərbaycan və Ermənistan parlamentlərinin ratifikasiya sənədlərinin mübadiləsindən sonra mümkündür.
İkitərəfli beynəlxalq müqavilələr adətən üç nüsxədə imzalanır, iştirakçı dövlətlərin dövlət dilləri ilə yanaşı üçüncü dil olaraq BMT-nin işçi dillərindən birində. Azərbaycan və Ermənistan arasında imzalanması planlaşdırılan sülh müqaviləsi də Azərbaycan və erməni dillərindəki mətnlərlə yanaşı üçüncü dildə ingilis dilində imzalanacaq. Bu ona görə edilir ki, Azərbaycan və erməni dilləri arasındakı mətnlər arasında yarana biləcək hər hansı fikir ayrılığı, ingilis dilində olan müqavilə mətni əsas götürülməklə həll edilə bilsin.
Qısaca desək, beynəlxalq müqavilələrin paraflanması imzalanma üçün hazırlıq mərhələsidir, tərəflər üçün hüquqi məcburlik yaratmayan, amma saziş layihəsinin tam razılaşdırıldığını təsdiqləyən prosedurudur, imzalanma, ratifikasiya və təsdiq isə hüquqi məcburi öhdəlik doğuran rəsmi aktdır".
Mehin Mehmanqızı