AZ

Putin və Tramp Alyaskada nələri müzakirə edəcək? -

15 avqustda Alyaskada Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutacaq. Bu məqsədlə Avropa İttifaqı liderləri, Alyaskada keçiriləcək sammitdə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakını təmin etməyə çalışırlar. Görüşün əsas mövzusu Rusiya–Ukrayna münaqişəsinin həlli olacaq. Siyasi analitik Neil Vatson Metbuat.az-a açıqlamasında bildirib ki, liderlərin müzakirələrində əsas diqqət atəşkəs potensialı və müəyyən ərazilərin Ukraynaya qaytarılması ehtimalına yönələcək. O qeyd edib ki, Putin Ukrayna məsələlərini Trampla müzakirə etməkdə digər variantlara nisbətən daha rahatdır: "Birincisi, hər iki liderin münasibətləri ilk Tramp prezidentliyi dövrünə gedib çıxır. İkincisi, hər iki lider Volodimir Zelenskini "Qərbin kuklası və təhrikedici" kimi qəbul edir. Üçüncüsü, Putin hesab edir ki, Tramp Rusiyanın bəzi Ukrayna ərazilərini əlində saxlamasını qəbul edəcək. Dördüncüsü, Tramp özünü dövrümüzün böyük sülh qurucusu və vasitəçisi kimi göstərmək istəyir. O, sülhün təcili olduğunu düşünür və həm Putinə, həm də Zelenskiyə qarşı "təşviq və təzyiq" metodlarını tətbiq etməyə hazırdır”. Siyasi analitik görüşün geosiyasi nəticələrinin böyük olacağını vurğulayaraq qeyd edib ki, əgər Rusiya müharibə nəticəsində bəzi əraziləri özündə saxlaya bilsə, bu, təkcə Ukrayna üçün deyil, bütün keçmiş Sovet respublikaları və Mərkəzi-Şərqi Avropa ölkələri üçün ciddi siqnal olacaq: “Nəticədə, bu ölkələr Rusiya ilə əməkdaşlıq etməyə və güzəştlərə getməyə məcbur olacaq, bu isə Rusiyanı Avropanın ən nüfuzlu ölkəsinə çevirə bilər. Müzakirələrin əsas mövzuları müharibəni sona çatdırmaq üçün tətbiq olunacaq mexanizmlər, vaxt cədvəli, Rusiyanın real olaraq hansı əraziləri saxlayacağı, Rusiyanın beynəlxalq təşkilatlar və maliyyə institutlarına necə reinteqrasiya olunması olacaq. Mən əminəm ki, Ukraynanın gələcək rəhbərliyi də əsas müzakirə mövzularından biri olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
81
50
metbuat.az

10Mənbələr