15 avqustda bütün dünyanın diqqəti Amerikanın Alyaska ştatında olacaq. Həmin gün Ağ Ev sahibi Donald Tramp Kremlin sahibi Vladimir Putini qəbul edəcək. Rusiya və ABŞ prezidentləri Ukrayna böhranı ilə bağlı görüşəcək.
Qeyd edək ki, Donald Tramp avqustun 8-ə kimi Rusiyaya vaxt vermişdi. Əgər Moskva atəşkəs və sülhlə bağlı razılaşmaya gəlməsə, sanksiyalar tətbiq ediləcəyini elan etmişdi. Məhz bu tarix bitəndən sonra Putin Trampın xüsusi nümayəndəsini dəvət edərək danışıqlara hazır olduğunu və qarşılıqlı kompromisə gedəcəyini qeyd edib.
Göründüyü kimi, Ağ Ev sahibinin verdiyi vaxtdan rusiyalı həmkarı nəticə çıxarmış oldu.

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, əvvəllər Putin amerikalı həmkarının birbaşa görüş tələbindən imtina edirdi, hətta telefon danışığında güzəştsiz mövqeyini davam etdirirdi:
“ABŞ təzyiqləri fonunda Putin görüş tələbini qəbul edərək yenidən manevr siyasətinə qayıdır. Düşünürəm ki, Vladimir Putin Ukraynanın şərqində Rusiyanın işğalını tanımaqla atəşkəs təklifini irəli sürəcək.
Trampın xüsusi nümayəndəsi Uitkoffun Putinlə görüşündə ciddi razılaşmalar əldə edilib ki, liderlərin görüşündə bu məsələlər müzakirə ediləcək. Amma Avropa İttifaqının və Böyük Britaniyanın mövqeyi burada həlledicidir. Əgər Ukraynanın şərqi güzəşt edilərsə, beynəlxalq hüquq normaları pozulacaq. Rusiyanın aqressiv siyasəti digər qonşu ölkələrə qarşı yönəlmiş olacaq.
Ümumiyyətlə, Tramp Ukraynanın şərqini Rusiyaya güzəştə getməklə atəşkəsdə maraqlıdır. Bunun nəticələri isə Avropa və digər qonşu ölkələrə hərbi müdaxilələrə gətirib çıxara bilər.
Əgər Donald Tramp sanksiyalar tətbiq edərsə, Ukraynaya hərbi yardımları artırarsa, Rusiya qoşunlarını Mariupol, Xerson və Zaporojye regionlarından çıxara bilər”.
Ekspert qeyd edib ki, Putinin danışıqlar portfelində Trampla iqtisadi sövdələşmə və müəyyən güzəştlər var:
“Baş verən proseslər fonunda Putin Ukrayna ilə bağlı yenidən ABŞ və Avropa arasında dərin fikir ayrılıqları yaratmağa nail oldu. Məhz Rusiya prezidentinin də planı bundan ibarətdir. Baş tutacaq danışaqlarda ərazi mübadiləsi məsələsi müzakirə ediləcək. Putin və Tramp razılaşması Ukraynanın ərazi bütövlüyünü təhdid edəcəksə, Ukrayna və Avropa ölkələri razılaşmanı tanımayacaq. Bu da müharibənin davam etməsidir. Belə olan təqdirdə Tramp Ukraynaya hərbi yardımları dayandıra bilər. Rusiya da bunun üçün çalışır. Amma ABŞ təhlükəsizlik və qərar vermə mərkəzləri Rusiyanın prosesdən uduşlu çıxmasına, Vaşinqtonun zəif düşməsinə imkan verə bilməz.
Eyni zamanda Trampa imkan verməzlər ki, Avropa ölkələrini və NATO-nu çıxdaş edib Ukraynanın parçalanması və Avropa üçün yeni təhdidlərə yol açan Putinlə sövdələşməyə getməyə getsin”.