AZ

Strateji teatr - Azərbaycan və Ermənistanı barışdırmaq Trump üçün niyə önəmlidir? 4 səbəb

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Donald Trump cümə günü Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı qəbul edəcək və ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Bu, ABŞ Prezidentinin Azərbaycan və Ermənistan liderlərini 30 illik münaqişəyə son qoyan sülh razılaşmasını imzalamağa sövq etmək üçündür.

Belə bir sülh Cənubi Qafqaza sabitlik gətirər, dünyanın ən uzun torpaq münaqişələrindən birinə son qoyar, regionun inkişafına yol açar - bəs bu sülh Trump üçün niyə önəmlidir?

1. Biden-dən "daha yaxşı"

Amerikanın gücünü özünə qaytaracağını vəd etmiş Prezident Donald Trump üçün bu, vacib bir görüşdür. O, dünyaya sülh gətirən lider kimi göstərmək istədiyi imicini bir daha cilalatmış olacaq.

O, nəinki "donmuş münaqişələrin həllini tapan bir ABŞ lideri" kimi görünəcək, hətta sələfi Biden-lə özünü müqayisə üçün ona daha bir şərait yaranacaq və dünya deyəcək ki, Trump Qafqaza sülh gətirdi!

Prezident İlham Əiyev ona əvvəlcədən istədiyini verib - Trumpı "müharibə başlatmayan yeganə ABŞ Prezidenti" kimi tərifləyib. Trump isə Əliyevin həmin sözlərini sosial mediasında paylaşıb. Digər bir çıxışında isə cənab Əliyev Trumpı "ikili standartlar yürüdən" Joe Biden administrasiyası ilə müqayisə edib.

Trump özünü sövdələşmə əldə edən biri kimi qələmə verir və 30 illik bir münaqişəni sonlandıran sülhə nail olarsa, bu onun Rusiya-Ukrayna münaqişəsini bir günə həll edəcəyi barədə vədinin yerinə yetirilməməsinə görə zərər görmüş imici üçün də önəmlidir.

2. Rusiya və İrana göz dağı

Uzun illərdir ki, Azərbaycan və Ermənistan sülh danışıqlarında önəmli rolu olan Rusiya artıq səhnədə deyil - Azərbaycanla gərgin münasibətləri və Ermənistan hakimiyyətini dəstəkləməməsi səbəbindən hər iki ölkə artıq onu belə bir rolda görmək istəmədiyini nümayiş etdirib.

Belə bir fürsətdən faydalanan Trump üçün iki liderin sülh razılaşmasını imzalamasına vasitəçilik etmək vacib işdir. Amma Ukrayna münaqişəsi məsələsində Rusiyanın öhdəsindən gələ bilməyən Trump üçün bu, bir az "hazırın naziri" məsələsi olacaq, çünki Azərbaycan və Ermənistan rəhbərliyi artıq ikitərəfli görüşlərin və razılığın Rusiyadan asılı olmadan əldə edilə biləcəyini Əbu-Dabi görüşündə sübut edib.

Azərbaycan Rusiyadan uzaqlaşıb - Azal təyyarəsinin Rusiya səmasında vurulmasından, Rusiyada azərbaycanlıların öldürülməsindən, Azərbaycanda Rusiya vətəndaşlarının həbsindən sonra hazırda hər iki ölkənin hökumətə yaxın mediasında bir-birinə qarşı tənqidlər davam edir.

Ermənistan Azərbaycandan fərqli olaraq, Rusiya ilə açıq münaqişədə olmasa da, Putinin hərbi təşkilatının təlimlərində iştirakdan imtina edib və Qərbə daha yaxın olmaq istədiyini nümayiş etdirib. Paşinyanın müdafiəçiləri ölkə müxalifətini - o cümlədən, keçmiş prezident Robert Koçaryanı və hətta Baş nazirlə münaqişədə olan kilsə rəhbərini Rusiyanın dəstəklədiyini deyirlər.

Azərbaycan həm Rusiyanı, həm də İranı hərbi təhlükə kimi də görür. Ermənistan üçün isə Rusiya onu əyaləti kimi nəzarətində saxlayan bir supergücdür. Trump ölkəsini regiona sülhün zəmanətçisi kimi də gətirmiş olacaq.

Azərbaycanın İsraillə yaxın münasibətlərinə görə onsuz da narahat olan İran üçün bir də ABŞ-ın regionda hiss olunması yaxşı xəbər olmayacaq.

3. Money, money, money

Yəni, pul. Yəni, opportunizm. Rusiya zəifləmişkən, regionda bu qədər iqtisadi imkanlar var ikən, niyə ABŞ-ın maddi qazanc əldə etməsini hər zaman önə çəkən Trump adminstrasiyası bundan faydalanmasın?

Artıq Zəngəzur koridoruna ABŞ şirkətinin nəzarət etməsinə dair təklilər ortalıqdadır. Bunun necə və nə zaman reallaşacağını hələ ki, demək çətin olsa da, bu ideya bəzən təkzib, bəzən təsdiq olunsa da, belə bir mümkün nəzarət ABŞ üçün Asiyadan Avropaya Zəngəzur dəhliziylə gedən ticarət yolunda gəlir payı deməkdir.

Bu həm də strateji üstünlükdür - Cənubi Qafqazda belə bir mövcudluq həm də burada güc balansını dəyişdirəcək və Rusiya və İranın təsiri azalacaq. Hətta ABŞ üçün Avropaya gedən enerji yollarına belə, nəzarəti ələ keçirmək fürsəti yarana bilər və Trump da ABŞ-ı Cənubi Qafqaza gətirən prezident olaraq tarixə düşər.

İran üçün də ABŞ-ın regiona gəlişi ən son istəyəcyi şey olardı. Tehran üçün Zəngəzur dəhlizi bir kabusdur və Türkiyədən sonra daha bir NATO ölkəsinin regiona gəlişi bu kabusu reallaşdırmış olacaq.

4. Cənubi Qafqaza ABŞ gəlir!

Bunu nə Rusiya, nə də İran istəyər və hətta artıq "ABŞ getdiyi yerləri viran qoyur, Yaxın Şərqə baxın!" kimi şərhlər də var.

Ancaq ABŞ-ın hələ ki, regiona ordu və ya silahla gələcəyindən söhbət getmir. Hələ ki, Cənubi Qafqaza daha çox yumşaq güc və həm Azərbaycanın, həm də Ermənistanın yaxın müttəfiqi olaraq gələcəyindən danışılır. Bu sammitdən sonra Trump Ermənistanı və Azərbaycanı ABŞ-a da yaxınlaşdırmış olar. Bir sözlə, Trump-ın əlinə fürsət düşüb ki, Rusiya və İranın regionda təsirini zəiflədərək, ABŞ-ı buraya gətirsin.

Əliyev və Paşinyana sülh razılaşması imzalada bilsə, o, Rusiyanın, Avropa İttifaqının, BMT və digərlərinin 30 ildə uğur qazana bilmədiyi bir münaqişəni həll etmiş bir lider kimi öyünə də biləcək.

Bir də bunun üstünə Trump-ın istədiyi Nobel sülh mükafatı da gəlsə, o zaman Cənubi Qafqaza vaxt və diqqət ayırması boşuna getməyəcək.

Bir sözlə, Washington görüşü Cənubi Qafqaza sülh gətirə bilsə, Trump üçün də bu, həm diplomatik uğur, həm də strateji bir şou fürsəti olacaq.

Seçilən
47
1
bbc.com

10Mənbələr