AZ

Bakı-İrəvan sülhü dörd məqama görə Tramp üçün həyati əhəmiyyət kəsb edir...


Azərbaycan-ABŞ münasibətləri Donald Trampın 2025-ci ildə yenidən Amerika prezidenti seçilməsindən sonra özünün yüksəliş mərhələsinə qədəm qoyub. Xüsusən də prezident İlham Əliyev və həmkarı Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır.

Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir.

Liderlər üçün Cənubi Qafqazda sülh də mühüm əhəmiyyət kəsb edir. Vaşinqtonda yerləşən “Hudson” İnstitutunun aparıcı eksperti Mayk Doran qeyd edir ki, sülh, əslində, əvvəldən Donald Trampın konsepsiyasının əsas tərkib hissələrindən biri olub. O bildirib ki, Azərbaycan öz torpaqlarını ABŞ prezidenti Donald Trampın birinci prezidentlik müddətində işğaldan azad edib. Mayk Doranın sözlərinə görə, Tramp artıq əvvəldən anlayıb ki, Azərbaycanla daha yaxın münasibətlər ABŞ-ın maraqlarına tam uyğundur: “Düşünürəm ki, prezident Tramp həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarını düzgün dəyərləndirə bildi. Bu, olduqca təqdirəlayiqdir”. Ekspert bildirib ki, Azərbaycan prezidenti Xankəndidə keçirilən Qlobal Media Forumunda Donald Trampın sülhə dair mövqeyini xüsusi vurğulayıb. Doranın sözlərinə görə, Tramp yaxşı anlayır ki, Azərbaycan həm Mərkəzi Asiyaya açılan strateji qapıdır, həm də Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır: “Düşünürəm ki, bu, həqiqətən də yeni bir dövrün başlanğıcıdır. Artıq bütün xəritə dəyişir, bütün kartlar yenidən paylanıb. Biz sülh və firavanlıq erasına qədəm qoymuşuq. Tarix boyu sülhə və rifaha qarşı çıxanlar həmişə zəif olublar. Mən elə bir dövrün başlanmasını səbrsizliklə gözləyirəm ki, orada hər kəs özünü daha təhlükəsiz hiss etsin və daha da rifah içində yaşasın”. Xatırladaq ki, Tramp cümə günü prezident İlham Əliyevi və baş nazir Nikol Paşinyanı qəbul edəcək, ikitərəfli, üçtərəfli görüşlər keçirəcək. Bu, ABŞ prezidentinin Azərbaycan və Ermənistan liderlərini 30 illik münaqişəyə son qoyan sülh razılaşmasını imzalamağa sövq etmək üçündür. Belə bir sülh Cənubi Qafqaza sabitlik gətirər, dünyanın ən uzun topraq münaqişələrindən birinə son qoyar, regionun inkişafına yol açar. Məsələ ilə bağlı BBC radiosu yazır ki, bu sülh Tramp üçün ən azı 4 məqama görə önəmlidir. Əvvəla, Amerikanın gücünü özünə qaytaracağını vəd etmiş Tramp üçün bu, vacib bir görüşdür. O, dünyaya sülh gətirən lider kimi göstərmək istədiyi imicini bir daha cilalatmış olacaq. O, nəinki donmuş münaqişələrin həllini tapan bir ABŞ lideri kimi görünəcək, hətta sələfi Baydenlə özünü müqayisə üçün ona daha bir şərait yaranacaq və dünya deyəcək ki, Tramp Qafqaza sülh gətirdi! BBC xatırladır ki, prezident İlham Əiyev Trampa əvvəlcədən istədiyini verib: Trampı "müharibə başlatmayan yeganə ABŞ prezidenti" kimi tərifləyib. Tramp isə Əliyevin həmin sözlərini sosial mediasında paylaşıb. Digər bir çıxışında isə Əliyev Trampı ikili standartlar yürüdən Bayden administrasiyası ilə müqayisə edib. Tramp özünü sövdələşmə əldə edən biri kimi qələmə verir və 30 illik bir münaqişəni sonlandıran sülhə nail olarsa, bu onun Rusiya-Ukrayna münaqişəsini bir günə həll edəcəyi barədə vədinin yerinə yetirilməməsinə görə zərər görmüş imici üçün də önəmlidir. İkinci məqam odur ki, uzun illərdir, Azərbaycan və Ermənistan sülh danışıqlarında önəmli rolu olan Rusiya artıq səhnədə deyil - Azərbaycanla gərgin münasibətləri və Ermənistan hakimiyyətini dəstəkləməməsi səbəbindən hər iki ölkə artıq onu belə bir rolda görmək istəmədiyini nümayiş etdirib. Belə bir fürsətdən faydalanan Tramp üçün iki liderin sülh razılaşmasını imzalamasına vasitəçilik etmək vacib işdir. Amma Ukrayna münaqişəsi məsələsində Rusiyanın öhdəsindən gələ bilməyən Tramp üçün bu, bir az “hazırın naziri” məsələsi olacaq, çünki Azərbaycan və Ermənistan rəhbərliyi artıq ikitərəfli görüşlərin və razılığın Rusiyadan asılı olmadan əldə edilə biləcəyini Əbu-Dabi görüşündə sübut edib.

BBC onu da qeyd edir ki, Azərbaycan Rusiyadan uzaqlaşıb - AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından, Rusiyada azərbaycanlıların öldürülməsindən sonra bu hal özünü qabarıq büruzə verir.

Ermənistan Azərbaycandan fərqli olaraq, Rusiya ilə açıq münaqişədə olmasa da, Putinin hərbi təşkilatının təlimlərində iştirakdan imtina edib və Qərbə daha yaxın olmaq istədiyini nümayiş etdirib. Paşinyanın müdafiəçiləri ölkə müxalifətini - o cümlədən, keçmiş prezident Robert Köçəryanı və hətta baş nazirlə münaqişədə olan kilsə rəhbərini Rusiyanın dəstəklədiyini deyirlər. Azərbaycan həm Rusiyanı, həm də İranı hərbi təhlükə kimi də görür. Ermənistan üçün isə Rusiya onu əyaləti kimi nəzarətində saxlayan bir supergücdür. Tramp ölkəsini regiona sülhün zəmanətçisi kimi də göstərmiş olacaq. Üçüncü hal pulla bağlıdır. Yəni, opportunizm. Rusiya zəifləmişkən, regionda bu qədər iqtisadi imkanlar var ikən, niyə ABŞ-ın maddi qazanc əldə etməsini hər zaman önə çəkən Tramp adminstrasiyası bundan faydalanmasın? Artıq Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsinə dair təklilər ortalıqdadır. Bunun necə və nə zaman reallaşacağını hələ ki, demək çətin olsa da, bu ideya bəzən təkzib, bəzən təsdiq olunsa da, belə bir mümkün nəzarət ABŞ üçün Asiyadan Avropaya Zəngəzur dəhliziylə gedən ticarət yolunda gəlir payı deməkdir. Bu həm də strateji üstünlükdür - Cənubi Qafqazda belə bir mövcudluq həm də burada güc balansını dəyişdirəcək və Rusiya və İranın təsiri azalacaq. Hətta ABŞ üçün Avropaya gedən enerji yollarına belə, nəzarəti ələ keçirmək fürsəti yarana bilər və Tramp da ABŞ-ı Cənubi Qafqaza gətirən prezident olaraq tarixə düşər. İran üçün də ABŞ-ın regiona gəlişi ən son istəyəcyi şey olardı. Tehran üçün Zəngəzur dəhlizi bir kabusdur və Türkiyədən sonra daha bir NATO ölkəsinin regiona gəlişi bu kabusu reallaşdırmış olacaq. Dördüncü üstünlük Cənubi Qafqaza ABŞ-ın gəlişidir. Ancaq ABŞ-ın hələ ki, regiona ordu və ya silahla gələcəyindən söhbət getmir. Hələ ki, Cənubi Qafqaza daha çox yumşaq güc və həm Azərbaycanın, həm də Ermənistanın yaxın müttəfiqi olaraq gələcəyindən danışılır. Bu sammitdən sonra Tramp Ermənistanı və Azərbaycanı ABŞ-a da yaxınlaşdırmış olar. Bir sözlə, Trampın əlinə fürsət düşüb ki, Rusiya və İranın regionda təsirini zəiflədərək, ABŞ-ı buraya gətirsin. BBC qeyd edir ki, Əliyev və Paşinyana sülh razılaşması imzalada bilsə, o, Rusiyanın, Avropa İttifaqının, BMT və digərlərinin 30 ildə uğur qazana bilmədiyi bir münaqişəni həll etmiş bir lider kimi öyünə də biləcək. Bir də bunun üstünə Trampın istədiyi Nobel sülh mükafatı da gəlsə, o zaman Cənubi Qafqaza vaxt və diqqət ayırması boşuna getməyəcək. Bir sözlə, Vaşinqton görüşü Cənubi Qafqaza sülh gətirə bilsə, Tramp üçün bu, həm diplomatik uğur, həm də strateji bir şou fürsəti olacaq.

Ramil QULİYEV

Seçilən
17
1
baki-xeber.com

10Mənbələr