AZ

Vaşinqton görüşü Cənubi Qafqazda yeni dövr açır: ABŞ vasitəçiliyi və Rusiyanın zəifləyən təsiri – ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-yə işgüzar səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əvvəlcə ayrı-ayrılıqda, daha sonra isə üçtərəfli formatda görüş keçirməsi planlaşdırılır. Bu görüşdə Azərbaycan və Ermənistan arasında sülhə dair ciddi irəliləyişin əldə olunacağı gözlənilir".

Bu sözləri mövzunu Olaylar.az-a şərh edərkən Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu çərçivədə sülh müqaviləsinin paraflanması, yaxud müqavilə ətrafında birgə memorandum və ya bəyanatın qəbul olunması ehtimalı yüksəkdir. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı vacib açıqlamaların səsləndiriləcəyi və ATƏT-in Minsk Qrupunun ləğvi istiqamətində addımların atılacağı ilə bağlı da mediada ciddi məlumat və iddialar yer alır. Hesab edirəm ki, sadalanan məsələlərin heç olmasa bir neçəsinin reallaşmasının şahidi olacağıq.

T. Əliyevin sözlərinə görə, əgər bu qədər yüksək səviyyəli görüş planlaşdırılırsa, deməli, gözləntilər də böyükdür. Əks halda, ABŞ Prezidenti Donald Tramp səviyyəsində belə bir təşəbbüsə ehtiyac duyulmazdı. Şübhəsiz ki, bu görüşün nəticələri Cənubi Qafqaz regionuna ciddi və qalıcı təsir göstərəcək. Xüsusilə ABŞ-nin sülh sazişindən sonrakı mərhələlərdə qarant ölkə qismində iştirakı - Azərbaycan və Ermənistan arasında əməkdaşlığın təşkili və sülh sazişindən irəli gələn öhdəliklərin icrası istiqamətində rolu güclənəcək. Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində ABŞ şirkətlərinin iştirakı məsələsi də gündəmdədir. Bu isə ABŞ-nin bölgədə davamlı şəkildə mövcudluğuna əsas yaradan yeni reallıq kimi dəyərləndirilə bilər.

Siyasi şərhçi vurğulayıb ki, bu proseslərin Cənubi Qafqazda uzun illər əsas oyunçu olmuş Rusiyanın təsir imkanlarını zəiflədəcəyi şübhəsizdir: "30 il ərzində Rusiyanın bölgədə güclü təsirə sahib olmasının əsas səbəblərindən biri Azərbaycanla Ermənistan arasında davam edən münaqişə idi. Lakin indi Azərbaycan və Ermənistan arasında, eləcə də Ermənistan və Türkiyə arasında normal qonşuluq münasibətlərinin formalaşması, bölgədə Rusiyanın hərbi və siyasi varlığını getdikcə lazımsız edir. Əgər Ermənistan Rusiya ilə təhlükəsizlik və hərbi asılılıqdan uzaqlaşsa, bu ölkənin Cənubi Qafqazdakı mövcudluğunun tamamilə sona çatması mümkündür".

Bəs Moskva buna səssiz qalacaqmı? 

Hesab edirəm ki, səssiz qalmayacaq və əslində, artıq müxtəlif formada hərəkətə keçdiyini də görürük. Məsələn, son günlər Rusiyada Azərbaycan diasporuna qarşı təzyiqlərin artması və gərginliyin yüksəlməsi müşahidə olunur. Bu tendensiya xüsusilə 2024-cü ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra daha da güclənmişdir. Bu təzyiqləri, heç şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında sülh istiqamətində atılan addımlara qarşı Moskvanın reaksiyası - yəni təzyiq və şantaj siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda isə vəziyyət daha dramatikdir. Gələn il bu ölkədə parlament seçkiləri keçiriləcək. Seçkilər ərəfəsində isə həm kilsə, həm iqtidar və müxalifət, həm də Rusiyapərəst erməni milyarderlər aktiv şəkildə ölkə siyasətinə müdaxilə etməyə başlayıblar. Bu, Ermənistan-Rusiya münasibətlərini tarixinin ən aşağı səviyyəsinə çatdırıb.

"Bütün bu amillər fonunda, Vaşinqtonda keçiriləcək 8 avqust görüşündən sonra Rusiyanın həm Azərbaycana, həm də Ermənistana təzyiq və təhdidlərini artıracağını ehtimal etmək olar. Lakin qeyd etmək lazımdır ki, Rusiya artıq əvvəlki gücündə deyil və bu təhdidlər gözlənilən nəticəni verməyə bilər. Əksinə, bu təzyiqlər həm Azərbaycanda, həm də Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini daha da gücləndirərək, Moskvanın Cənubi Qafqazdan tam çıxışını sürətləndirə bilər" - deyə Taleh Əliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
71
50
olaylar.az

10Mənbələr