AZ

Türkmənistan Azərbaycandan ən çox qeyri-neft məhsulları alan 10-cu ölkədir

Bakı. TurkicWorld:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 140,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə TurkicWorld Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 93,4 milyon ABŞ dolları və ya 1,7 dəfə azdır.

Hesabat dövründə Türkmənistan ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,57%-i həcmində olub.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Türkmənistana 30,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 milyon ABŞ dolları və ya 36,8% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında Türkmənistandan Azərbaycana 109,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 75,8 milyon ABŞ dolları və ya 40,8% azalma deməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Türkmənistana 29,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 18,2 milyon ABŞ dolları və ya 1,6 dəfə azdır.

Hesabat dövründə Türkmənistana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 1,68% paya sahib olub. Bununla da Türkmənistan Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb. Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Seçilən
25
3
turkic.world

10Mənbələr