AZ

Barellərlə yaşayan Rusiya sanksiyalarla əriyir

Bu günlərdə gündəm mövzusu və verilən suallardan bir qismi də ABŞ Prezidenti Donald Trumpın Rusiyaya tətbiq etməyi düşündüyü sanksiyalardan sonra neft qiymətlərinin aqibəti necə olacaq? Rusiya üçün bunun mənfi təsiri necə olacaq suallarıdır.

Suallara iqtisadçılar tərəfindən verilən cavabların daha çox Rusiyaya olan simpatiya və antipatiya hisslərindən asılı olduğu hiss olunur.

Əslində vəziyyət necədir və hansı nəticələrin olacağı gözlənilir?

Əvvəla, 2022-ci ilin fevralına (Rusiya-Ukrayna müharibəsinin başlamasına) qədər Avropanı qazla təchiz edən əsas oyunçulardan olan Qazproma (Qazpromun boru xətti ilə ixrac etdiyi qazın 37%-ni, mayeləşdirilmiş qazın isə 51%-ni Avropa alırdı) qarşı sanksiyalar tətbiq olunarkən və Avropa Rusiya qazından imtina etməyə başlayanda bunun Rusiyaya təsiri olmayacaq, lakin Avropa donacaq, batacaq kimi fikirlər daha çox dolaşırdı. Bu gün Rusiyanın (yəni Qazpromun) boru xətti və mayeləşdirilmiş qaz ixracında Avropanın payı cəmi 20% ətrafındadır.

Arayış: Bu yazı neft və qaz ixracının Rusiyaya təsiri ilə bağlı yazıldığı üçün Qazpromun ixracında Avropanın payı göstərilir.

Əks tərəfdən yanaşsaq, məsələn Avropanın boru xətti ilə qaz bazarının 40%-i Qazproma məxsus idi, bu gün bu pay 8-9% ətrafında ölçülür. Yuxarıdakı rəqəmlər 4 il öncə səsləndirilsəydi yəqin ki, qeyri-real səslənərdi. Onu da qeyd edək ki, Rusiyanın Avropaya gizli, qeydiyyatsız yolla satdığı qaz əlbəttə vardır və bu qazın Rusiya ixracında payı 5-6%-i keçmir. Avropada Rusiyanın bazar payını əsasən ABŞ tutur. ABŞ-dən sonra isə Qətər və digər ölkələr. Onu da qeyd edim ki, Avropanın hədəfi Rusiya qazının idxalını 0-a endirməkdir.

Neft məsələsinə keçməzdən öncə qeyd edim ki, qaz məsələsində Avropa bazarının ələ keçirilməsi, oyunçuların dəyişməsi, qaz ixracının təşkil olunması neftə nisbətən müqayisə olunmaz dərəcədə çox çətindir. Böyük qaz tədarükçülərindən Qətər Avropaya yalnız maye qaz göndərir, Türkmənistan qazının kifayət qədər çatdırılmasında problemlər qalır, Azərbaycan qazının isə ixracının Avropanın istədiyi qədər artırılmasında boru xətlərinn maksimum gücü ilə* işlədiyi üçün artırılması çətinliklər yaradır. Lakin, bütün bunlara baxmayaraq cəmi 3 il ərzində Rusiyanın Avropada bazar payının 60%-dən çoxunu əvəzləyə bildilər. Digər bazarlarda isə (Çin, Hindistan) ABŞ ilə toqquşmamaq üçün daha uyğun Qətər və İran qazını ala bilirlər.

Neft məsələsində vəziyyət qaz məsələsinə nisbətən daha asandır. Neft bazarında qiymətlər daha çox təklif tərəfinin tənzimlənməsi ilə həyata keçirilir. Burada əsas oyunçular OPEC+ ölkələri və ABŞ-dir. Rusiyanın 2021-ci ildə gündəlik ortalama neft ixracı 7.02 milyon barel olub. 2025-ci ildə isə ortalama gündəlik neft ixracı 3.21 milyon bareldir. Azalma 50%-ə yaxın. Digər problemlər də var. Rusiya öz neftini ucuz və yerli valyutalarla satırdı. Burada 2024-cü ildə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın “Hindistana rupi ilə neft satışı həyata keçirmişik. Lakin, 39 milyard dollarlıq rupini həmin valyutanın sərbəst dönərli valyuta olmaması səbəbindən dollara və ya digər heç bir valyutaya çevirə bilmirik” fikrindən sonra yerli valyutalarda neft satışı minimuma endirildi. Bu səbəbdən Hindistanın dövlətə məxsus neftayırma zavodları Rusiya neftinin alışından (Trumpın Rusiya neftini alan ölkələrə 100% həcmində tarif tətbiq edəcəyi fikrindən sonra) imtina edəcəklərini açıqladılar. Onsuz da dollarla alırlar. Doğrudur, Rusiya neftini diskontla alırdılar, lakin bu diskontdan gələn gəlir ABŞ-nin qəzəbinin və sanksiyalarınn yanında çox cüzidir. Belə bir ssenari quraq. Tutaq ki, Rusiyadan neft alışı 0-a endirildi. Yəni, dünya neft bazarında gündəlik 3 milyon barellik və ya (qeyri-rəsmi satılan nefti də nəzərə alsaq ən pis halda) 4 milyon barellik çatışmazlıq yarancağını zənn edək. Bu çatışmazlıq bir barel Brent markalı neftin qiymətini 90-95 dollara qədər artıra bilər. Lakin, Səudiyyə Ərəbistanı 1 ay ərzində gündəlik neft hasilatını və ixracını gündəlik 2-2.5 milyon barelə qədər artıra bilər. ABŞ yüksək neft qiymətləri həddində şist neft hasilatını 2-3 ay ərzində gündəlik 1 milyon barelə qədər artıra bilər. OPEC+ ölkələri istehsal və ixraca tətbiq etdikləri kvotaları artırmaq imkanları, İraq, Liviya, İranın neft istehsalı və ixraclarını artırmaq imkanları bir kənara, Venesuelanın sanksiyaları yumşaldılsa (hazırda Venesuelaya yalnız humanitar məqsəd (zəruri ərzaq məhsullarının idxalı üçün lazım olan qədər neft ixracına icazə verilir) 3-4 ay sonra qlobal neft bazarında əlavə təklif 5 milyon barelə qədər artırıla bilər. Bu isə kəsir olan 3-4 milyon barel nefti artıqlaması ilə əvəzləyib neft qiymətlərini yenidən 60 dollar səviyyələrinə endirməyə imkan verəcək. Unutmayaq, Rusiya-Ukrayna müharibəsinin ilk illərində 1000 kub metri 400 dollardan 2500-3000 dollara qədər bahalaşan qazın 1000 kub metri hazırda 300 dollar ətrafındadır (gündəlik orta qiymət). Eyni ssenari neft ilə bağlı da qüvvədədir. Trump neft ixrac edən Yaxın Şərq ölkələri ilə anlaşıb, ümumi dil tapılıb. Həmin ölkələr aşağı neft qiymətlərini onlara verilən daha çox bazar payı ilə kompensasiya edə biləcəklər.

600 milyarddan 31 milyarda düşən ehtiyatlar

İndi isə Rusiyada yaranan vəziyyətə gələk. 2021-ci ildə 600 milyard dollardan çox valyuta ehtiyatına malik Rusiyanın valyuta ehtiyatları 31 milyard dollar ətrafında dəyərləndirilir. Lakin, qızıl ehtiyatları ilə bağlı vəziyyət qızılın qiymətinin 2021-ci ildəki (1 unsiya) 1800 dollardan bu gün (1 unsiya) 3300 dollara qədər artması Rusiya üçün oksigen balonu oldu. Amma qızılın növbəti ay və illərdə bu sürətlə dəyər qazanacaığı ehtimalı çox aşağıdır. Təkcə iyun ayında Rusiyanın neft və qaz satışından aylıq gəliri 4% azalaraq gündəlik gəliri 593 milyon avropa düşmüşdür. Azalma aybaay davam edir. Neftin qiymətinin artımı bu azalmaların qarşısını ala bilərdi, əgər Rusiya neftini alan öllkələrə sanksiyalar fikri ortaya çıxmasaydı. Bu gün Rusiya üçün ən böyük problemlərdən biri bahalı rubldur. Dollar alışına qoyulan məhdudiyyətlər, ixracatçı şirkətlərin qazandıqları valyutanın böyük hissəsini rubla çevirmək məcburiyyəti, sanksiyalar səbəbindən kəskin azalan idxal, məhv olmuş biznes mühiti dollara olan tələbi iqtisadi və qeyri-iqtisadi yollarla azaltdığı üçün rubl bahalaşmaqda davam edir. Bu isə neft-qaz gəlirlərinin büdcəyə transferinə və qeyri-neft ixracının və xidmət sektorlarının böyüməsinə mənfi təsir göstərən amilə çevrilmişdir.

Qızıl ehtiyatları da yüksək olan Rusiya üçün digər oksigen balonu Çin və Hindistana satdığı neftdir. Çin və Hindistanla da anlaşacaqlar. Maksimum 3-4 ay daha baha neft alın, Rusiya neftindən imtina edin, 2026-cı ildə neftin qiymətini indiki qiymətlərdən daha aşağı salacağıq. 4-5 aylıq baha neft alışından “zərər” artıqlaması ilə kompensasiya olunacaq. Həm də tariflərdə də anlaşa biləcəyik.

Rusiya ciddi bir şəkildə neft və qaz bazarlarını itirib və itirməkdə davam edir. Hazırda ixrac olunan neft və qaza (Zelenskinin də narazılıqlarına baxmayaraq) ona görə göz yumulur ki, bazar payının dəyişməsinin Avropaya mənfi təsirləri minimum olsun.

Bir daha vurğulayıram. Rusiya xarici ticarət və iqtisadiyyatı ilə bağlı önəmli məlumatları açıqlamamağa başlayıb. Hətta bu məlumatlara dövlət sirri statusunda yanaşılması təklif olunur. Düşünək, vəziyyət o qədər bərbaddır ki, adi iqtisadi rəqəmlər gizlədilir. Xəstədən ağır və ölümcül xəstəliyini gizlətmək ona sadəcə psixoloji rahatlıq verir, ömrünün uzanmasına isə təsiri minimum bir neçə günlük, uzağı 1 aylıq olur.

Haşiyə: Əslində Rusiyanın neft-qaz bazarından kənarlaşdırılmasına hazırlıq 2015-ci ildən etibarən 2014-cü ildə Krımın işğalından sonra başlamışdı. Proses addım-addım, bəzən gözlə görünərək, hiss olunaraq, bəzən isə hiss olunmadan ardıcıl bir şəkildə davam edir. Bir də. ABŞ-ni digər ölkələrdən fərqləndirən əsas cəhətlərdən biri də bu kimi uzunmüddətli strateji məsələlərdə beyin mərkəzlərinin hazırladığı hesabatlar və bu hesabatlardakı Yol Xəritələri və strategiyalardır. (300-400 səhifəlik səthi fikirləri əhatə edən, 1-2 senari, maksimum 2 variant üzərində qurulan, riyazi modelləri bir-birlərini tamamlamayan formal “təhlillər”dən fərqli olaraq) bir çox senariləri nəzərə alan, A, B, C, D, E variantlarını əhatə edən, dərin və lakonik olan bu hesabatlar ABŞ-nin önəmli starategiyalarında stolüstü konfidensial Yol Xəritələrinə çevrilir və ABŞ bu səbəbdən rahatlıqla ortaya gözlənilməz senarilər qoya bilir. ABŞ-ni də üstün edən məhz bu cəhətdir ki, özünün tam hazırlıqlı olduğu bu kimi strateji məsələlərə dünya və qarşı dövlətlər ya hazırlıqsız yaxalanır, ya da iş işdən keçəndən sonra ayılırlar.

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert

*bir neçə öncəki Hədəf (AZTV) verilişində bu məsələ barədə ətraflı danışmışam

Seçilən
38
50
banker.az

10Mənbələr