Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakının Nərimanov rayonunda 2003-cü il təvəllüdlü Renat Allahverdiyev xalasının həyat yoldaşı Qənimət Tağıyevi bıçaqlayıb. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 10-da baş verib. Beyləqan rayon sakini R. Allahverdiyev həmin gün axşam saatlarında kirayə yaşadığı evdə xalasının mobil telefon nömrəsinə sonuncunun həyat yoldaşı Tağıyevin borclu olduğu şəxslərin zəng etməsinə görə onunla mübahisə edib. Bundan sonra təqsirləndirilən şəxs həmin gün saat 23 radələrində Q. Tağıyevə borclu şəxslərin xalasına zəng edərək, narahat etməsini, zərərçəkmiş şəxsin yaranmış mübahisəyə görə ondan xalası və nənəsinin narazılıq etməsini bəhanə edib. Heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmin evin yataq otağında xalasının ərini qarın nahiyəsindən bıçaqlayıb. Hadisəni törədən R. Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, xalasının əri Q. Tağıyevə onun borcu ilə əlaqədar müxtəlif zənglər gəlib: “Qənimət təklikdə olan zaman ona gələn zəngləri açmağını və bu məsələ barədə narahat olmamağını ona desəm də, o, gələn zənglərin heç birisinə cavab vermədi. Həmin şəxslərlə telefon vasitəsi ilə əlaqə saxladım və telefon danışığı zamanı həmin şəxslər Qənimət Tağıyevin onlara borclu olduğunu, onların zənglərinə cavab vermədiyini bildirdilər. Sonra noyabrın 10-da evdə Qənimətlə həmin məsələ ilə bağlı mübahisə etdik. Mübahisədən sonra axşam saatlarında siqaret çəkmək üçün həyətə çıxan zaman evdən səs-küy gədiyini eşitdim. Evə daxil oldum və mətbəxə keçərək oradan bıçaq götürdüm. Səs-küy olan otağa daxil oldum və Qənimətə bıçaq zərbəsi vurdum”.İş üzrə zərərçəkmiş qismində ifadə verən Q. Tağıyevin sözlərinə görə, təqsirləndirilən şəxs onun baldızının oğludur: “3 ay ərzində bizim evimizdə qalıb. Renat kiçik bir mübahisə nəticəsində əsəbləşərək mənə xəsarət yetirib. Mənim başqa şəxsə borcum olub, həmin borcun qaytarılması ilə bağlı həyat yoldaşıma həmin şəxsdən bir neçə dəfə zənglər gəldi. Zənglərin birinə təqsirləndirilən şəxs cavab verdi. Renat borc məsələsi ona məlum olduqda əsəbləşdi. Hadisə günü Renatı bir qədər qıcıqlandırdım, həmçinin bu səbəbdən əsəbləşdi”.Zərərçəkmiş bildirib ki, onun kənar şəxslərə borcu olub: “Həmin borcla bağlı çörək bişirilən yerdən mənə və həyat yoldaşıma bir neçə dəfə zəng gəldi. Renat borcla bağlı xalasına zəng gəldiyi üçün mənə iradını bildirdi. Hadisədən qabaq Renatla aramızda heç vaxt mübahisə olmayıb”.Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə R. Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini xahiş edib. O, şikayətində həmçinin göstərib ki, yaxın zamanlarda anasını itirib. Onun bildirdiyinə görə, onda yaranmış psixoloji problemlər, yalnız qalmalar məhz bu cinayətin törədilməsinin səbələrindən biri olub. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin olunmayıb. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.